08-01-2008 | 04:02 1604
VƏZİFƏLƏRİNİ YARITMAZ YERİNƏ YETİRDİKLƏRİNƏ GÖRƏ 2 NÖMRƏLİ
İSTİNTAQ TƏCRİDXANASININ RƏHBƏR İŞÇİLƏRİ ƏDLİYYƏ ORQANLARINDAN XARİC EDİLMİŞLƏR
Mətbuatda xəbər verildiyi kimi, 2008-ci ilin yanvarın 4-də oğurluq və dələduzluq cinayətlərini törətdiyinə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və Penitensiar xidmətin 2 saylı istintaq təcridxanasında təsərrüfat briqadasında yardımçı fəhlə qismində əməyə cəlb olunmuş, 1981-ci il təvəllüdlü Rahib Həşimov nəzarətsizlikdən istifadə edərək təcridxana ərazisini özbaşına tərk etmişdir.
Ədliyyə və Daxili İşlər nazirliklərinin birgə apardığı tədbirlər nəticəsində R.Həşimov Goranboy rayonunun ərazisində yaxalanmışdır.
Xidməti vəzifələrini yarıtmaz yerinə yetirdiklərinə və zəruri nəzarəti təmin edə bilmədiklərinə görə 2 saylı istintaq təcridxanasının rəisi, rəis müavini, rejim-mühafizə və nəzarət şöbəsinin rəisi və digər məsul işçilər ədliyyə nazirinin əmri ilə tutduqları vəzifələrdən azad olunaraq ədliyyə orqanlarından xaric edilmişlər.
Hadisə ilə bağlı materiallar ibtidai araşdırma aparılması üçün prokurorluq orqanlarına göndərilmişdir. Faktla bağlı cinayət işi başlanılmış və istintaq aparılır.