28-12-2007 | 04:02 1164
Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 13 dekabr tarixli Fərmanı
ilə təsdiq edilmişdir
I. Ümumi müddəalar
1.1. Bu Əsasnamə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə (bundan sonra - namizədlər) müsabiqənin və müsahibənin keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, ədliyyə orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə və ya müsahibə keçirilir.
1.3. Ədliyyə orqanlarında müvafiq vakant ştat vahidləri olduqda, qulluğa qəbul ilə əlaqədar kütləvi informasiya vasitələrində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet səhifəsində elan verilir.
1.4. Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri müəyyən edilmiş qaydada yoxlanılır.
1.5. Böyük (baş ədliyyə müşaviri, ədliyyə polkovniki və tibb xidməti polkovniki istisna olmaqla) və orta xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə şəxslər, bir qayda olaraq, müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir.
1.6. Müsabiqəyə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən ali hüquq təhsilli şəxslər buraxılırlar.
1.7. Aşağıda göstərilən şəxslərlə müsahibə keçirilir:
1.7.1. prokurorluqda və digər hüquq-mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslərlə;
1.7.2. digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan şəxslərlə;
1.7.3. hüquq sahəsində elmi dərəcəsi olan şəxslərlə;
1.7.4. əvvəllər hakim işləmiş şəxslərlə;
1.7.5. hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslərlə;
1.7.6. ali hüquq təhsili tələb olunmayan vəzifələrə qəbul olunmaq üçün namizədlərlə;
1.7.7. sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbul olunmaq üçün namizədlərlə.
1.8. Hakimlər ədliyyə orqanlarına qulluğa qəbul olunmaq barədə müraciət etdikdə, səlahiyyətlərinə "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci hissəsinin 1-ci bəndinə əsasən xitam verildikdən sonra onlar ədliyyə orqanlarına qulluğa müsabiqə və müsahibədən keçmədən qəbul edilə bilərlər.
1.9. Dövlət notariusu vəzifəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə və Ədliyyə Akademiyasına qəbul qaydaları müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
II. Müsabiqə komissiyaları
2.1. Müsabiqə və müsahibənin keçirilməsi üçün müsabiqə komissiyaları (bundan sonra komissiyalar) yaradılır. Komissiyaların tərkibi Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən təsdiq olunur.
2.2. Komissiyaların işinə nüfuzlu hüquqşünaslar, alimlər və digər mütəxəssislər cəlb edilə bilərlər.
2.3. Komissiyaların iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiya üzvlərinə qabaqcadan məlumat verilir.
2.4. Komissiyaların iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledicidir. Qərarlar iclaslarda iştirak edən bütün komissiya üzvləri tərəfindən imzalanır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir. Komissiyaların işinə qanunsuz müdaxilə yolverilməzdir.
III. Müsabiqə və müsahibənin keçirilməsi
3.1. Namizədlərin müsabiqə və müsahibəyə buraxılması, müsabiqə və müsahibənin şəffaf üsullarla keçirilməsinin təşkilinə dair digər məsələlər müvafiq normativ hüquqi aktlara uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən olunur və ictimaiyyətə çatdırılır.
3.2. Müsabiqənin müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək məqsədi ilə digər müvafiq dövlət qurumları cəlb oluna bilərlər.