03-10-2007 | 04:02 2125
İclasda bir sıra təşkilati məsələlərə baxılmış, Məhkəmə-Hüquq Şurası sədrinin səlahiyyət müddətinin bitməsi ilə bağlı yeni sədrin seçkisi keçirilmiş və Ədliyyə Naziri Fikrət Məmmədov yenidən şuranın sədri seçilmişdir.
Son dövrlər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə məqsədyönlü tədbirlər iclasda qeyd olunmuş, hakimliyə namizədlərlə şifahi imtahanların nəticələrinə dair Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilmişdir. Bildirilmişdir ki, test üsulu ilə və yazılı imtahanları müvəffəqiyyətlə vermiş 188 nəfər hakimliyə namizədlə açıq şəkildə, 50-dən çox yerli və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilmiş imtahanların nəticələri üzrə uğur qazanmış 102 nəfər növbəti mərhələyə ilkin uzunmüddətli tədris kursuna buraxılmışdır.
İmtahanı izləmiş müşahidəçilər onun açıq və şəffaf keçirildiyini, namizədlərin biliyinin obyektiv müəyyən edilməsi üçün lazımi şərait yaradıldığını vurğulamışlar.
Şurada hakimliyə namizədlərlə keçiriləcək tədris kursunun proqramı müzakirə olunmuş, onun Avropa Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların ekspertlərinin iştirakı ilə hazırlanması, namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirildiyi bildirilmişdir. Yarım il ərzində keçiriləcək kursun proqramına ən aktual, o cümlədən insan haqları, korrupsiya, məhkəmə etikası və digər məsələlərə dair mövzular daxil edilmiş, yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik olan şəxslərin, habelə nüfuzlu xarici mütəxəssislərin mühazirələri nəzərdə tutulmuşdur.
Eyni zamanda iclasda ölkəmizdə aparılan məhkəmə-hüquq islahatının mütərəqqi mahiyyəti və insan haqlarının müdafiəsi ilə bağlı hüquqi maarifləndirmənin əhəmiyyəti qeyd edilmiş, bu məqsədlə şura tərəfindən gənc hüquqşünaslar üçün hazırlıq kurslarının təşkil edildiyi vurğulanmış, kursların oktyabr ayının 6-dan başlanması qərara alınmışdır.