10-08-2007 | 04:02 1110
Ədliyyə Nazirliyinin keçirilmiş Kollegiya iclasında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 08 may 2007-ci il tarixi Qərarının icrasının nəticələri müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, bu mühüm məsələ ilə bağlı Ədliyyə Nazirliyi üzrə 09 may 2007-ci il tarixli əmr verilərək, qarşıda duran vəzifələr müəyyən edilmiş, bu əmr və amnistiya aktı ilə bağlı digər aidiyyəti sənədlər dərhal xüsusi toplu şəklində nəşr edilərək, metodiki köməklik məqsədilə bütün ədliyyə orqanlarına və məhkəmələrə göndərilmişdir. Amnistiya aktının vaxtında və düzgün icrasını təmin etmək məqsədilə həmin əmrə uyğun olaraq ədliyyə orqanları və müvafiq məhkəmələr tərəfindən zəruri tədbirlər görülmüş, amnistiyanın təxirəsalınmadan icrasına başlanılmış və 09 avqust 2007-ci il tarixə Penitensiar xidmət üzrə 2861, məhkəmə icraçılarının müvafiq qərarları ilə 6542 və birinci instansiya məhkəmələri tərəfindən 370 məhkum təyin olunmuş cəzalardan azad edilmişlər.
İclasda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə 28 iyul 2007-ci il tarixli Sərəncamının icrasının təşkili məsələsinə baxılmışdır. Milli Strategiyada dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının korrupsiyaya qarşı mübarizənin vacib şərti olduğu qeyd edilərək, ədliyyə orqanlarının fəaliyyətində aşkarlığın daha da genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirildiyi vurğulanmış, bu mühüm sənədin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinə, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə olunmasına yönəldiyi bildirilmişdir.
Kollegiyada ölkə Prezidentinin 27 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasından irəli gələn vəzifələrin icrası barədə məsələ müzakirə olunmuşdur. Ədliyyə Nazirliyi tərəfindən bu sahədə bir çox məqsədyönlü tədbirlər həyata keçirilərək, qeyri-hökumət təşkilatlarının, habelə digər hüquqi şəxslərin qeydiyyatı işinin təkmilləşdirilməsi üzrə əsaslı işlər görüldüyü və bunun nəticəsində onların sayının son illər xeyli artması qeyd edilmiş, Konsepsiyadan irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və digər tədbirlərin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur.
Kollegiyada həmçinin, Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat layihəsi müzakirə edilərək bəyənilmiş, bir sıra qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınması qərara alınmışdır.