09-08-2007 | 04:02 2485
Məlum olduğu kimi, məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin 25 aprel 2006-cı il tarixli 4-T -li Əmri ilə təsdiq edilərək dövlət qeydiyyatına alınmış Qaydalara əsasən İctimai Komitə yaradılmış və fəaliyyətə başlamışdır.
İctimai Komitənin bir illik səlahiyyət müddətinin cari ilin sentyabr ayında başa çatacağı ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə tərkibi aidiyyəti dövlət, habelə qeyri-hökumət təşkilatlarının nüfuzlu nümayəndələrindən, ictimai xadimlərdən ibarət olan Seçki Komissiyası tərəfindən müvafiq Qaydalara uyğun olaraq İctimai Komitə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi və təhlillərin aparılması həyata keçirilərək Komitənin yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.
Eyni zamanda, yuxarıda qeyd olunan sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin nəzərinə çatdırılır ki, İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyənlərin proqram və təkliflərinin respublika Ədliyyə Nazirliyində Seçki Komissiyası tərəfindən qəbulu davam etdirilir.
Müraciətə həmçinin, namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.