08-02-2007 | 04:02 1269
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən Kollegiya iclasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı ilə bağlı məsələ müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi üzrə səylərin gücləndirilməsini öz siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmiş dövlətimizin ümumbəşəri dəyərlərə sadiqliyinin növbəti təzahürü olaraq ölkə başçısı tərəfindən bu sahədə Milli Fəaliyyət Planı təsdiq edildmişdir. Bununla əlaqədar Nazirliyin bu istiqamətdə fəaliyyətinin daha məqsədyönlü, ardıcıl və səmərəli həyata keçirilməsini təmin etmək üçün hazırlanmış geniş, müxtəlif sahələri əhatə edən uzunmüddətli Tədbirlər planı Kollegiyada müzakirə olunaraq, bəyənilmişdir.
Kollegiyada ədliyyə orqanlarına qulluğa qəbulun şəffaf prosedurlar əsasında müsabiqə yolu ilə keçirilməsi üzrə görülən işlər barədə məlumat dinlənilmiş, kadrlara olan ehtiyac nəzərə alınmaqla ötən ilin dekabrında namizədlərlə tam aşkarlıq şəraitində keçirilmiş test imtahanının nəticələrindən heç kimin narazı olmaması və apellyasiya şikayətinin verilməməsi qeyd olunaraq, müvəffəqiyyət qazanmış şəxslərlə növbəti mərhələdə fərdi qaydada söhbətin fevral ayında keçirilməsinə hazırlıq üzrə praktiki məsələlər müzakirə edilmişdir.
İclasda həmçinin, ədliyyə orqanlarının fəaliyyətində kollegiallığın gücləndirilməsi və bununla bağlı Kollegiyanın rolunun artırılması üzrə məsələ müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, Nazirliyin kollegiya iclaslarında ən vacib məsələlər mühüm qanunlar, fəaliyyətin müasir tələblərə uyğun təkmilləşdirilməsi, mövcud nöqsanların aradan qaldırılması, nizam-intizamın gücləndirilməsi, eləcə də qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı və digər məsələlər müzakirə edilir. Yalnız son 2 il ərzində keçirilmiş 25 Kollegiya iclasında 91 məsələ müzakirəyə çıxarılmış və müvafiq qərarlar qəbul olunmuşdur. Xüsusi vurğulanmışdır ki, həmin dövrdə 827 qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınmışdır. Bu da ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafını əyani şəkildə sübut edir. İclasda Kollegiyanın işinin səmərəliliyinin daha da artırılması məqsədilə onun yeni reqlamentinə baxılaraq bəyənilmişdir.
İclasda, qeydiyyat məsələlərinə də baxılmışdır. Kollegiyada Klassik Xalq Cəbhəsi Partiyasının dövlət qeydiyyatına alınması, Azərbaycan Milli İstiqlal partiyasının və Müsavat partiyasının nizamnamələrinə əlavə və dəyişikliklərin, həmçinin 25 qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilmişdir.