Hakimlərin etik davranışı üzrə yeni kodeks hazırlanır

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən kompleks tədbirlər nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində davam etdirilir.

Belə əməkdaşlıq çərçivəsində yaradılmış məhkəmə etikası üzrə Azərbaycan-Avropa Şurası işçi qrupunun Bakıda ilk iclası keçirilmişdir. Məhkəmə-Hüquq Şurası üzvlərinin və Ədliyyə Nazirliyi nümayəndələrinin iştirakı ilə keçən tədbirdə Şura tərəfindən hazırlanmış Hakimlərin Etik Davranış Kodeksinin yeni layihəsi müzakirə edilmişdir. Ətraflı və faydalı fikir mübadiləsi şəraitində aparılan müzakirələrdə Avropa Şurasının ekspertləri layihənin yüksək səviyyədə hazırlandığını qeyd edərək, hakimlərin məsuliyyət hissinin artırılmasına, onların peşəkar etika məsələlərinin tənzimlənməsinə bu sənədin müsbət təsir göstərəcəyini vurğulamış, onun təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini bildirmişlər.

İclasdan sonra Avropa Şurasının təmsilçiləri ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşmüşlər. Ölkə Prezidentinin müvafiq fərmanlarının icrası ilə bağlı müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və güclü ədliyyə sisteminin formalaşdırılması üzrə görülən genişmiqyaslı işlər barədə ətraflı məlumat verən nazir müavini bu sahədə Avropa Şurası ilə intensiv və səmərəli əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulamışdır.

Azərbaycanda məhkəmə sisteminin və ədliyyə orqanlarının inkişafı məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını bildirən qonaqlar, bu sahədə görülən işləri, o cümlədən oktyabrın 1-də yeni hakimliyə namizədlərlə test imtahanının əvvəlkilər kimi tam obyektiv və şəffaf şəraitdə keçirilməsini yüksək qiymətləndirmişlər.

Görüşdə konkret əməkdaşlıq məsələləri üzrə səmimi fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

iacca
iap
business ready
eplc
Ən Tez