Penitensiar sistemin müasir standartlara uyğunlaşdırılması ilə bağlı birgə layihə icra olunur

Sentyabrın 28-də Avropa Şurasının (AŞ) Azərbaycandakı İnformasiya ofisində AŞ və Avropa Komissiyasının Azərbaycanın penitensiar sistemində islahatların aparılmasına dair birgə layihəsinin icrasına dair mətbuat konfransı keçirilmişdir.

Layihənin rəhbəri Roman Huna bildirmişdir ki, cari ilin yanvarından icra olunan layihədən məqsəd qanunun aliliyini və demokratik dəyərləri əsas götürərək, Azərbaycanın penitensiar sisteminin modernləşdirilməsinə, bu sahədə islahatların aparılmasına, Avropa Şurasının tövsiyələri əsasında həbsxana sisteminin Avropa standartlarına uyğunlaşdırılmasına dəstək verməkdir.

Azərbaycanın Ədliyyə Nazirliyi ilə əməkdaşlıq şəraitində həyata keçirilən layihə, əsasən 4 istiqaməti əhatə edir. Bunlar hüquq islahatlarının genişləndirilməsi və təkmilləşdirilməsi, həbsxana xidmətinin idarə olunmasının təkmilləşdirilməsi, təlim-tədris mərkəzinə texniki dəstəyin göstərilməsi, məhbusların cəmiyyətə yenidən inteqrasiyasıdır. Bu istiqamətlər üzrə Avropa Şurası və Azərbaycanı təmsil edən ekspertlərdən ibarət 4 işçi qrup yaradılmışdır.

Digər cəzaçəkmə müəssisələri üçün model ola biləcək 1 saylı cəzaçəkmə müəssisəsinin və Qobustan həbsxanasının texniki avadanlıqla təchiz olunması da layihəyə daxildir.

Layihə çərçivəsində Avropa penitensiar qaydaları Azərbaycan dilinə tərcümə olunaraq, 3 min nüsxə tirajla çap edilmişdir.

Azərbaycanın Ədliyyə Nazirliyinin layihənin icrasına böyük maraq göstərdiyini qeyd edən Roman Huna, Azərbaycan hökumətinin əməkdaşlığını yüksək qiymətləndirmişdir.

Azərbaycan hökumətinin bu layihənin icrasını dəstəklədiyini diqqətə çatdıran Ədliyyə Nazirliyinin insan hüquqları şöbəsinin rəisi Faiq Qurbanov və nazirliyin penitensiar xidmətinin qərargah rəisi Musa Hümbətov bildirmişlər ki, penitensiar sistemdə həyata keçirilən layihələrdə Avropa Şurası ilə sıx əməkdaşlıq edilir.

Mətbuat konfransında layihənin detalları barədə də məlumat verilmiş, jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez