13-06-2006 | 04:02 1864
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü, Ədliyyə Nazirliyinin Təşkilat və Analitik İdarəsinin rəisi və Kollegiyasının üzvü Azər Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə hakimlərin müstəqilliyi, seçilməsi, təyinatı və işinin qiymətləndirilməsi üzrə Azərbaycan-Avropa Şurası İşçi Qrupunun 7-ci iclasında, eləcə də hakimlərin ilkin və davamlı təliminin hüquqi çərçivəsi üzrə birgə Komissiyası İşçi Qrupunun 4-cü toplantısında iştirak etmək üçün Strasburqda səfərdə olmuşdur.
İşçi Qrupunun 7-ci iclasında məhkəmə sisteminin muasirləşdirilməsi üzrə ölkəmizdə görülən tədbirlər, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydalarının, etik davranış kodeksinin, hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi prosedurunun layihələri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Eyni zamanda, ölkəmizdə məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması üzrə prioritetlərə diqqət yetirilmişdir.
İşçi Qrupunun 4-cü toplantısında isə Azərbaycanda hakimlər və prokurorların ilkin və davamlı təhsili üçün proqramların layihələri, Azərbaycanda Hüquq Akademiyasının strukturu və onun fəaliyyət istiqamətlərinə dair məsələlər müzakirə edilmişdir.
Toplantıda Dünya Bankı tərəfindən məhkəmə sistemimizə dəstəyin layihəsi ətrafında da fikir mübadiləsi aparılmışdır.
Görüş qarşılıqlı anlaşma şəraitində keçmişdir.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri A.Cəfərov Avropa Şurasının Hüquqi Əməkdaşlıq üzrə direktoru Roberto Lamponi ilə görüşmüşdür.