30-03-2006 | 04:02 1743
Martın 30-da komitənin sədri Aydın Əliyev respublikamızda səfərdə olan İtaliyanın ədliyyə naziri Roberto Kastellinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
DGK sədri Azərbaycan-İtaliya əlaqələrinin hazırkı durumundan söhbət açmış, istər siyasi, istərsə də iqtisadi sahədə iki ölkə arasında münasibətləri yüksək qiymətləndirmişdir. O demişdir ki, Prezident İlham Əliyevin ötən il İtaliyaya rəsmi səfəri ilə qarşılıqlı əməkdaşlıqda yeni mərhələ başlanmışdır. "Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında gömrük hüquqpozmalarının qarşısının alınması, araşdırılması və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında" saziş gömrük orqanlarının əməkdaşlığına təkan vermişdir. Avropanın inkişaf etmiş dövlətlərindən olan İtaliya ötən illərdə Azərbaycanın xarici iqtisadi əlaqələrində əsas tərəfdaş olmuşdur. Komitənin sədri iki ölkənin gömrük qurumları arasında əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirmişdir.
Cənab Roberto Kastelli də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərini yüksək qiymətləndirərək keçirilən görüşlərin, imzalanan ikitərəfli sənədlərin əməkdaşlığa zəmin yaratdığını vurğulamışdır. Qonaq qısa səfəri zamanı Prezident İlham Əliyevlə, eləcə də bir sıra dövlət rəsmiləri ilə görüşlərindən məmnunluğunu söyləmiş və bu görüşlərin Azərbaycan-İtaliya münasibətlərinin inkişafına töhfə verəcəyini bildirmişdir.
Nümayəndə heyətinin üzvü, "Finkantiori" şirkətinin prezidenti Korrado Antonini İtaliya şirkətlərinin Azərbaycana sərmayə qoymaq arzusunu bildirərək, 200 ildən artıq yaşı olan, gəmiqayırmada böyük təcrübəyə malik şirkətin bu təcrübəni Azərbaycana da tətbiq etmək niyyətində olduğunu söyləmişdir.