16-02-2006 | 04:02 1288
Avropa Şurası ilə Avropa Komissiyasının Azərbaycanda penitensiar islahat üzrə birgə Proqramının başlanması ilə əlaqədar Avropa Şurasının nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir. Proqram üzrə fəaliyyət planı layihəsinin müzakirəsi və Azərbaycan tərəfindən proqrama cəlb olunacaq əlaqələndirici şəxslərin müəyyən edilməsi məqsədilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin bir sıra rəsmi şəxsləri və beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinin rəhbərləri ilə, həmçinin Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində görüşlər keçirmiş, İdarənin Təlim-Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.
Fevralın 16-da Ədliyyə Nazirliyində keçirilən görüşdə nazir müavini Vilayət Zahirov son dövrdə Azərbaycanda penitensiar sistemin fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üzrə aparılan köklü islahatlar barədə ətraflı məlumat vermiş, bu sahədə beynəlxalq təşkilatlarla həyata keçirilən layihələrin əhəmiyyətini vurğulamışdır. Nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Katibliyinin Cinayət Problemləri Departamentinin müdiri xanım Marqaret Killerbi Azərbaycanın penitensiar sistemində aparılan islahatları yüksək qiymətləndirərək, bu sahədə Avropa Şurası ilə səmərəli əməkdaşlıqdan məmnun qaldığını və qeyd olunan Proqramın uğurlu nəticələr verəcəyinə əmin olduğunu bildirmişdir.
Görüşdə Avropa Şurası ilə Avropa Komissiyasının birgə Proqamı üzrə fəaliyyət planının layihəsi müzakirə olunmuş, Proqram çərçivəsində penitensiar xidmət əməkdaşları üçün treninqlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə qabaqcıl Avropa ölkələrinə tədris səfərlərinin təşkili, penitensiar sistemdə həyata keçirilən islahatlara texniki yardım göstərilməsi və başqa istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılmışdır. Görüşdə, həmçinin, digər sahələrdə qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunulmuş, Avropa Şurası Katibliyinin Hüquqi sahədə proqramların əlaqələndiricisi cənab Alessandro Mançini Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının mütərəqqi əhəmiyyətini qeyd edərək, vakant hakim vəzifələrinə namizədlərlə test imtahanlarının və şifahi müsahibənin beynəlxalq standartlara uyğun, tam obyektiv və şəffaflıq şəraitində keçirilməsini xüsusi vurğulamış və namizədlərin seçiminin indiki mərhələsinin uğurla başa çatması münasibətilə Azərbaycan tərəfini təbrik etmişdir.