06-05-2008 | 04:02 1089
Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ədliyyə orqanlarında geniş qeyd edilir, konfranslar, dəyirmi masalar, digər kütləvi tədbirlər keçirilir.
Həmçinin, bu günlərdə Ədliyyə Nazirliyində Milli Elmlər Akademiyası ilə birgə Dövlətçiliyimizin memarı-Heydər Əliyev mövzusunda ədəbiyyat sərgisi, Nazirliyin Heydər Əliyev Muzeyində silsilə görüşlər təşkil olunmuş, xüsusi stendlər, sair təbliğat vasitələri hazırlanmış, yeni tikilmiş məhkəmə və bir sıra ədliyyə qurumlarının inzibati binalarının təntənəli açılışı olmuş və digər tədbirlər keçirilmişdir.
50-dən çox gənc ədliyyə işçisinin təhsil aldığı Rusiya Federasiyası penitensiar xidmətinin Hüquq və İdarəçilik Akademiyasında Heydər Əliyev Muzeyinin yaradılması böyük öndərimizin siyasi irsinin xaricdə öyrənilməsi və təbliği işinə xüsusi töhfə olmuşdur.
Mayın 6-da Ədliyyə Nazirliyində Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdən əvvəl ədliyyə işçiləri nazirlikdə ümummilli liderimizin büstünü ziyarət etmiş, bu dahi şəxsiyyətin 85 illik yubileyinə həsr olunmuş xüsusi ekspozisiya və onun zəngin fəaliyyətini əks etdirən ədəbiyyatlarla tanış olmuşlar.
Konfransı giriş sözü ilə açan ədliyyə naziri Fikrət Məmmədov böyük öndər Heydər Əliyevin müstəqil dövlətçiliyimizin banisi və xalqımızın xilaskarı kimi müasir Azərbaycan tarixinin qızıl səhifələrini yazdığını, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan bugünki möhtəşəm uğurlarımızın möhkəm təməlini qoyduğunu vurğulamış, Heydər Əliyev ömrünün Azərbaycan xalqının ömrü qədər olacağını qeyd etmişdir.
Çıxış edən Dövlət Neft Şirkətinin birinci vitse prezidenti, akademik Xoşbəxt Yusifzadə, Heydər Əliyev irsinin tədqiqatçıları təhsil nazirinin müavini, tarix elmləri doktoru, professor İradə Hüseynova, Milli Məclisin deputatı, əməkdar jurnalist Elmira Axundova ulu öndərin mənalı həyat yolu, siyasi fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi və ölkəmizin inkişafı naminə gördüyü mütərəqqi işlər barədə geniş danışaraq, xatirələrini bölüşmüşlər.
Konfransda ədliyyə işçiləri çıxış edərək Heydər Əliyevin müasir hüquq və ədliyyə sistemimizin də banisi olduğunu vurğulamış, ümummilli liderimizin hüquqi, o cümlədən insan haqlarının etibarlı müdafiəsi sahəsində apardığı mütərəqqi islahatlardan danışmış, Heydər Əliyevin dövlət inkişafı kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevə yardımçı olmaq üçün ədliyyə işçilərinin əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.