FƏRİD TURAB OĞLU ƏHMƏDOV

14 iyul 1979-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bakalavr, 2002-ci ildə magistr pillələrini, 2004-cü ildə isə Böyük Britaniyanın Esseks Universitetini “British Chevening” təqaüd proqramı ilə beynəlxalq insan hüquqları ixtisası üzrə ikinci magistr təhsilini fərqlənmə diplomları ilə bitirmişdir.

2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Həmin il İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdü ilə daxil olaraq, 2017-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Bakı Dövlət Universitetində, Oksford Universitetində, ADA Universitetində hüquq sahəsi üzrə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Hüquqşünaslıq fəaliyyətinə 2000-ci ildən başlamış, 2004-2006-cı illərdə Konstitusiya Məhkəməsinin Aparatında, 2006-2007-ci illərdə Milli Məclis Aparatında müxtəlif vəzifələrdə çalışmışdır. 

2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini vəzifələrində işləmişdir.

2021-ci ildə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.

2023-cü ildən 2024-cü ilin fevralınadək BMT-nin İnsan hüquqları komitəsinin üzvü, ümumi məruzəçisi və büro üzvü olaraq fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2024-cü il tarixli Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.

Beynəlxalq hüquq sahəsində nüfuzlu elmi nəşrlərdə dərc edilmiş monoqrafiya, bir sıra elmi və publisistik məqalələrin müəllifidir.

İngilis və rus dillərini sərbəst bilir.

Evlidir, dörd övladı var.

iacca
iap
business ready
eplc
Ən Tez