Mübariz Hüseyn oğlu Əhmədov 3 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2000-ci ildə Bakı Dövlət Universitetini Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir.
2002-2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında müstəntiq vəzifəsində çalışmışdır.
2005-2011-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, Hüquqi təminat şöbəsində, Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror və böyük prokuror vəzifələrində işləmişdir. 2011-2015-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəis müavini-Vətəndaşların qəbulu şöbəsinin rəisi vəzifəsində, 2015-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun böyük köməkçisi, 2017-2020-ci illərdə Qusar rayon prokuroru vəzifələrində çalışmışdır.
29 iyun 2020-ci il tarixdən 07 sentyabr 2024-cü il tarixinədək Baş prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsində işləmişdir. Ölkə başçısının 30 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 07 sentyabr tarixli Sərəncamı ilə ədliyyə nazirinin müavini təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medalı”, eyni zamanda Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin müvafiq medalları ilə təltif edilmişdir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.
Rus və ingilis dillərini bilir.