AZƏR MƏMMƏD OĞLU CƏFƏROV


Azər Məmməd oğlu Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olmuşdur.

O, 1979-cu ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmiş, Rusiya Elmlər Akademiyasının Dövlət və hüquq institutunda elmi fəaliyyətlə məşğul olmuş və Moskva Hüquq Akademiyasında doktorluq dissertasiyası müdafiə etmişdir. Hüquq elmləri doktoru, professordur. Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır.

Hüquqşünas fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlamış, 1982-1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında müxtəlif vəzifələrdə, o cümlədən Məhkəmə orqanları idarəsində şöbə rəisi vəzifələrində işləmişdir.

1986-cı ildə prokurorluq orqanlarına keçirilmiş, Bakı şəhər və respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər prokurorluğunda həmin şöbənin rəisi, 1992-2000-ci illərdə isə Bakı şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi vəzifələrində çalışmışdır. Prokurorluğun fəxri işçisidir.

2004-cü ildən başlayaraq Ədliyyə Nazirliyinin Təşkilat-analtik idarəsinin, Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü olmuş, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviridir.

2005-2023-cü illərdə, həmçinin Məhkəmə-Hüquq Şurasının üzvü olmuşdur.

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvüdür.

Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi problemləri üzrə Azərbaycan-Avropa Şurası İşçi komissiyalarının həmsədri, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) üzvü kimi ölkəmizin məhkəmə sisteminin Avropa standartlarına uyğunlaşdırılması və müasirləşdirilməsi məsələləri ilə məşğul olmuş, müxtəlif vaxtlarda ədliyyə, məhkəmə və prokurorluq orqanlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının hazırlanmasında yaxından iştirak etmişdir.

Beynəlxalq Prokurorlar Assosiasiyasının, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının üzvüdür.

Hüquqi nəşrlərin, çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir.

Bakı Dövlət Universiteti Himayəçilər Şurasının üzvüdür, Ədliyyə Akademiyasında, habelə ölkəmizin və Rusiyanın ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olur.

2-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri, "Dövlət qulluğunda fərqlənməyə görə", "Ədliyyə sahəsində fərqlənməyə görə", habelə dövlətimizin müxtəlif digər medalları, Rusiya Elmlər Akademiyasının və Rusiya Vəkillər Gildiyasının mükafatları ilə təltif edilmişdir.

Evlidir, iki övladı var.

Tel: (+99412) 492 11 18 Faks: (+99412) 538 11 20

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez