01-11-2024 | 09:30 708
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun oktyabrın 31-də sahibkarlıq subyektləri, hüquq və konsaltinq şirkətləri, biznes assosiasiyalarının nümayəndələri ilə geniş tərkibdə görüşü keçirilib.
Görüşdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, Ədliyyə Nazirliyinin, Mediasiya Şusasının və Bakı Apellyasiya Məhkəməsinin əməkdaşları və dəvət edilmiş özəl sektorun nümayəndələri iştirak ediblər.
Tədbirdə işçi qrup tərəfindən mübahisələrin həlli və biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər səsləndirilib, sahibkarların qarşılaşdıqları çətinliklər, İşçi Qrupun fəaliyyətində görmək istədikləri islahatlar və yeniliklər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd olunub ki, işçi qrupun fəaliyyəti çərçivəsində cari ildə Vahid Məhkəmə Portalının yeni versiyası hazırlanaraq istifadəyə verilib. Geniş auditoriyanın məhkəmə və icra sahəsindəki statistikalara əlçatanlığının təmin edilməsi məqsədi ilə yenilənmiş statistik məlumatlar aidiyyəti üzrə həmin Portalda (https://courts.gov.az/courtStatistics) və Ədliyyə Nazirliyinin rəsmi saytında (https://justice.gov.az/categories/2137) yerləşdirilib.
Ədliyyə orqanları tərəfindən göstərilən xidmətlərin sayının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə “İcra məmuruna elektron müraciət” xidməti (https://exidmet.justice.gov.az:8284/Icra/DocExchange) istifadəyə verilib.
Bundan başqa, Ədliyyə Nazirliyinin Mediasiya Şurası ilə qarşılıqlı fəaliyyəti çərçivəsində “Elektron məhkəmə” informasiya sisteminin Vahid Məhkəmə Portalında “Mediatorlar” (https://courts.gov.az/mediators) bölməsi yaradılıb. Burada fiziki və hüquqi şəxslər regionlar üzrə mediasiya təşkilatları barədə ətraflı məlumat (təşkilatın adı, fəaliyyət göstərdiyi ərazi, qeydiyyat nömrəsi, ünvanı, əlaqə vasitələri, qurumun qanuni təmsilçisi, mediasiya təşkilatına üzv mediatorlar və s.) əldə edə, habelə tələb olunan məlumatlar daxil edilməklə ilkin mediasiya sessiyası üçün elektron ərizə dolduraraq mediasiya təşkilatlarına elektron müraciət edə bilər.
Həmçinin Sinqapur Konvensiyası kimi tanınan “Mediasiya vasitəsilə əldə olunan beynəlxalq barışıq sazişləri üzrə BMT Konvensiyası”na qoşulma ilə bağlı dövlətdaxili prosedurlara başlanıldığı bildirilib. Konvensiya beynəlxalq mediasiya barışıq sazişlərinin qarşılıqlı tanınmasını və icrasını təmin etməkdədir.
Tədbirdə mübahisələrin həllinin ən rahat və çevik həll yollarından olan arbitraj proseslərinin tənzimlənməsi sahəsində qanunvericiliyin müddəaları da səsləndirilib.
Həmçinin İşçi qrup tərəfindən “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə qeyd olunmuş tapşırıqların icrası çərçivəsində yeni qanunvericilik islahatlarını nəzərdə tutan layihələr barədə məlumat verilib.
Həmin layihələr mübahisələrin həlli, məhkəmə icraatı və məhkəmə qərarlarının icrası sahəsində yeni tənzimləmələri əhatə edir.
Tədbir iclas iştirakçılarının çıxışları və İşçi qrupun fəaliyyəti ilə bağlı müzakirələrlə davam etdirilib.
Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.