Frequently Asked Questions
“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25.08.2000-ci il tarixli 387 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası CM-nin 196 (kreditor borclarını ödəməkdən qəsdən yayınma), 289 (məhkəməyə hörmətsizlik etmə), 303 (siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər), 305 (azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma), 306 (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 317-1.1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi), 317-2-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
AR CPM-in 155-ci maddəsinə əsasən həbs qətimkan tədbiri müstəntiqin vəsatəti əsasında və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən aşağıdakı hallarda seçilə bilər:
- cinayət prosesini həyata keçirən orqandan gizlənmək;
- cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərmək,
- cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq;
- cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq.
AR CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.10.2012-ci il qərarına əsasən məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir.
Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar:
- məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi;
- borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi;
- borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi;
- borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi;
- borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması.
Həmin hərəkətlər alimentin ödənilməsinə dair məhkəmə qətnaməsinin icrasına dair icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) cinayət məsuliyyətinə cəlb edilə bilər.
AR CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.10.2012-ci il qərarına əsasən məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır.