Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Areas of activity

Frequently Asked Questions

Hamısına bax
Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı üçün hansı sənədlər tələb olunur?

Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı üçün ərizə ilə müraciət edilməlidir (ərizə forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.04.2005-ci il tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmişdir).

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

• təsis sənədləri – qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, siyasi partiyalara münasibətdə proqramı, habelə həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır); 
• dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 
• təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti; 
• təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti; 
• qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) və qanuni təmsilçisi (təmsilçiləri), habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd; 
•hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanın, siyasi partiyanın qərargahının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd; 
• siyasi partiyalara münasibətdə üzvlərinin reyestri; 
• qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti; 
• fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd; 
• təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd; 
• nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi; 
• qeyri-kommersiya qurumunun adında “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadə olunduqda, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı barədə sənəd.

Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hansı qaydada yaradılır?

Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir.

Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun məbləği nə qədərdir?

Qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı üçün dövlət rüsumu 15 manat, xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının dövlət qeydiyyatı üçün dövlət rüsumu 300 manat, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı üçün dövlət rüsumu 5 manatdır.

Fiziki şəxs qəbul etdiyi ianə ilə bağlı hansı sənədləri təqdim etməlidir?

Qüvvədə olan qanunvericilikdə fiziki şəxslərin qəbul etdiyi ianə barədə məlumatların reyestrə daxil edilməsi nəzərdə tutulmayıb.

Qrant müqaviləsinin (qərarının) və onlarda edilmiş dəyişikliklərin qeydə alınması üçün resipiyent qeyri-kommersiya qurumları tərəfindən hansı sənədlər təqdim edilməlidir?

Ərizə (forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2015-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 2 və 4 nömrəli Əlavələri ilə müəyyən edilmişdir) ilə müraciət olunur. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

• müqavilənin (qərarın), o cümlədən əlavə müqavilənin (qərarın) və ya onlarda edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi;

• müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihənin tərəflərin imzaladığı əslinin nüsxəsi;

• donor olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;

• ərizə başqa şəxs tərəfindən verildikdə, habelə müqaviləni (qərarı) qanuni təmsilçi olmayan şəxs imzaladıqda, onların müvafiq səlahiyyətə malik olması barədə sənəd (müqavilənin qeydiyyata alınması ilə bağlı sənədləri imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda).

Sənədlər xarici ölkədə tərtib olunduqda, leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi də əlavə edilir.