7-9 may tarixlərində Tbilisi şəhərində Gürcüstanın Milli İcra Bürosunun təşkilatçılığı ilə “Müasir ədliyyədə icra məmurunun transformasiya olunan rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti də iştirak edib.
Konfrans çərçivəsində müasir icra sistemlərinin inkişaf istiqamətləri, icra məmurunun dəyişən peşə rolu, rəqəmsal icra infrastrukturu, insan hüquqları və şəffaflıq prinsipləri, habelə onlayn satışlar və yaşayış sahələrindən çıxarılma proseslərində mütənasiblik məsələləri ətrafında müzakirələr aparılıb.
Konfransda bildirilib ki, müasir icra sistemi artıq yalnız məhkəmə qərarlarının məcburi icrası mexanizmi deyil, həm də şəffaflıq, operativlik və ictimai etimada əsaslanan idarəetmə və xidmət modeli kimi formalaşır. Qeyd olunub ki, müasir icra məmuru qanuni səlahiyyətlərlə yanaşı, tərəflərlə effektiv kommunikasiya quran, sosial həssaslığı nəzərə alan və rəqəmsal alətlərdən səmərəli istifadə edən peşəkar olmalıdır.
Tədbirdə elektron idarəetmə sistemləri və süni intellekt texnologiyalarının icra prosesinin izlənməsi, müddətlərə nəzarət, borcluların aktivlərinin müəyyənləşdirilməsi, bank hesablarına yönəltmənin səmərəliliyinin artırılması, analitik məlumatların hazırlanması və qərarvermə prosesinin daha səmərəli təşkilinə mühüm töhfə verdiyi vurğulanıb.
Konfransda təqdim olunan yanaşmalar ölkəmizdə “Elektron icra” informasiya sisteminin növbəti inkişaf mərhələsi, icra proseslərində şəffaflığın və hesabatlılığın gücləndirilməsi, sosial həssas qrupların iştirakçı olduğu işlərdə mütənasib yanaşmanın tətbiqi, habelə dövlət və gələcək xüsusi icra məmurları üçün vahid rəqəmsal standartların formalaşdırılması baxımından faydalı nümunə kimi qiymətləndirilir.