9-10 iyun tarixlərində Bakıda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti Niderland Probasiya xidməti (Reclassering Nederland) ilə birgə beynəlxalq seminar təşkil edib.
“Azərbaycanda probasiya xidmətinin inkişafına dəstək” layihəsi çərçivəsində keçirilən ikigünlük seminar probasiya sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə və tətbiqinin genişləndirilməsinə həsr edilib. Seminarda ədliyyə, prokurorluq, polis və digər dövlət orqanlarının əməkdaşları, probasiya könüllüləri və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri də daxil olmaqla 80-dən artıq iştirakçı təmsil olunub.
Tədbirin açılış mərasimində Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Marian de Yonq və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılov çıxış edərək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Çıxışlarda probasiya institutunun inkişafının cinayət ədliyyəsinin humanistləşdirilməsi, alternativ cəzaların tətbiqi, məhkumların sosial adaptasiyası və reabilitasiyası baxımından mühüm rolu qeyd olunub.
Seminar çərçivəsində Niderland Probasiya xidmətinin Beynəlxalq idarəsinin rəhbəri Yoxum Vildeman, həmin idarənin beynəlxalq təlimçisi Mixiel van Herpen, Hertoqenboş Apellyasiya Məhkəməsinin baş hakimi Niko Tuijn, eləcə də Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayev təqdimatla çıxış ediblər.
Niderland nümayəndə heyəti tərəfindən ölkələrinin 200 illik tarixə malik probasiya sisteminin fəaliyyəti, probasiyanın beynəlxalq praktikadakı rolu barədə ətraflı məlumat verilib.
Tədbirdə Azərbaycan probasiya xidmətinin strateji inkişaf istiqamətləri, son illərdə həyata keçirilən institusional islahatlar, probasiya nəzarətində olan şəxslərin sosial adaptasiyası və reabilitasiyası sahəsində görülmüş işlər, habelə gələcək fəaliyyət prioritetləri iştirakçıların diqqətinə çatdırılıb. Seminar interaktiv müzakirələr şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Səfər çərçivəsində Niderland nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində, Baş Prokurorluqda və Ədliyyə Nazirliyinin Probasiya xidmətində bir sıra görüşlər keçirilib. Görüşlər zamanı probasiya sahəsində mövcud təcrübə, qanunvericilik və institusional inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.