01.01.2026-cı il tarixdən qüvvəyə minən “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə xüsusi icra məmurlarının fəaliyyətini mümkün edib. Həmin Qanuna əsasən:
Xüsusi icra məmuru - məhkəmələrin və digər orqanların qərarlarının icrasını həyata keçirmək üçün şəhadətnamə almış fiziki şəxsdir. O, məcburi icra orqanı statusuna malikdir, fəaliyyətini peşəkar əsaslarla həyata keçirir, dövlət hakimiyyətinin nümayəndəsi hesab edilmir. Xüsusi icra məmuru peşə fəaliyyətini həyata keçirərkən müstəqildir, yalnız qanuna tabedir.
Xüsusi icra məmurlarının fəaliyyətinin səmərəsi:
Beynəlxalq təcrübə göstərir ki, xüsusi icra sistemini tətbiq edən ölkələrdə bu fəaliyyət kifayət qədər səmərəlidir. Belə ki:
- İcra işlərinin mütləq əksəriyyəti xüsusi icra məmurları tərəfindən icra olunur: (Fransa, Estoniya, Niderland və sair 100%, Qazaxıstan 99%, Bolqarıstan 90%);
- Xüsusi icra məmurlarının fəaliyyətində şəffaflıq yüksək, neqativ hallarla bağlı risklər və şikayətlər aşağıdır (Litvada 5 min işə cəmi 1 şikayət düşür);
- Xüsusi icra fəaliyyəti ictimai sektorda nüfuzlu peşənin yaranması və rəqabətin ön plana çıxmasına səbəb olur;
- Xüsusi icra məmurları zəhmətlərinin layiqli qarşılığı olan gəlirlər əldə edirlər (Fransa və Niderlanda gəlirlərin 20%-i, Portuqaliya və Serbiyada isə 25-30%-i xalis mənfəət qalır).;
- Xüsusi icra məmurunun işin tez və düzgün icrasına marağı yüksək olur, nəticədə işin səmərəsi artır (Qazaxıstanda səmərəlilik 5,5 dəfə, Litvada məhsuldarlıq 4 dəfə, Bolqarıstanda yığılan məbləğlər 15 dəfə artıb, Serbiyada illərlə yığılıb qalmış işlərin 70%-i yekunlaşdırılıb, ölkələrin çoxunda uğurlu icra faizləri 55-65%-ə qalxıb);
- Xüsusi icra məmuru əlavə öhdəlikləri olmadan, öz əmək kollektivini sərbəst formalaşdırır, hər bir icra işi ilə bağlı tədbirlər görmək üçün geniş və real imkanlara malik olur.
- Qənaətbəxş gəlirlərin olması həm də texniki təminatı gücləndirir, elektronlaşma və avtomatlaşma genişlənir (Portuqaliya, Estoniya, Litvada inkişaf etmiş elektron icra sistemləri qurulub);
- Xüsusi icra məmuru həm də işəgötürən kimi çıxış edir, iş yerlərinin açılmasına töhfə verir
- Xüsusi icra məmuru gəlirindən vergi ödəyərək dövlət büdcəsinə dəstək verir;
Xüsusi icra məmurunun profili:
- Məhkəmə və digər qərarların icrasını peşəkar şəkildə təmin edən vəzifəli şəxsdir;
- Dövlət icra məmurlarında olduğu kimi məcburi icra hərəkətləri həyata keçirmək hüquqlarına malikdir;
- Bu məqsədlə dövlət tərəfindən ona qanunla məcburi icra səlahiyyətləri verilir, statusu şəhadətnamə ilə rəsmiləşdirilir;
- İcraat tərəflərinə münasibətdə neytraldır, hər iki tərəfin hüquq və mənafelərini gözləmək onun vəzifə borcudur;
- Müəyyən olunmuş tariflər əsasında ödənişli xidmət göstərir, özünü maliyyələşdirir, xidmət haqlarını öz mülahizəsinə əsasən müəyyən edə bilməz;
- Xüsusi icra məmurlarının peşə birliyi olan Xüsusi İcra Məmurlarının Palatasında birləşir, Palatanın daxili idarəçilik qaydalarına əməl edir;
- Üzərində dövlət nəzarəti vardır, vaxtaşırı hesabat verir və yoxlanılır.
Xüsusi icra məmuru olmaq üçün tələblər:
Ali təhsilli Azərbaycan Respublikasının vətəndaşı xüsusi icra məmuru ola bilər.
Aşağıdakı şəxslər xüsusi icra məmuru ola bilməzlər:
- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş;
- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan;
- cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş;
- pul öhdəlikləri barədə məhkəmə qərarını yerinə yetirə bilməyən;
- vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 5 (beş) il müddətində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular;
- vəzifəsinin icrası ilə bağlı kobud pozuntulara görə hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik, notariat, xüsusi icra məmuru fəaliyyətinə xitam verilmiş şəxslər;
- ikili vətəndaşlığı olan, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər;
- din xadimləri;
- tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə xüsusi icra məmuru işləməyə qadir olmayan şəxslər;
- 65 yaşına çatmış şəxslər.
Xüsusi icra məmuru vəzifəsinin tutulması:
Xüsusi icra məmuru vəzifəsi üzrə müsabiqə əsasında tutulur. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Xüsusi icra məmuru olmaq istəyən şəxslər azı 3 (üç) aylıq ilkin icbari hazırlıqdan keçməli və stajkeçməyə cəlb olunmalıdır.
Aşağıdakı şəxslər müsabiqənin mərhələlərindən azad edilə bilərlər:
Ədliyyə Nazirliyinin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 (üç) ildən az olmayaraq işləmiş şəxslər ofisin idarə edilməsi və mühasibatlıq təlimləri istisna olmaqla, testdən, ilkin icbari hazırlıqdan və staj keçməkdən azad edilirlər.
Xüsusi icra məmuru olmaq üçün müraciət:
Xüsusi icra məmuru olmaq istəyən şəxslər Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına müraciət edir. Bununla bağlı Komissiya tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Xüsusi İcra Məmurlarının Palatasının rəsmi veb-saytlarında, eləcə də digər mediada elan verilir. Elanda müraciətin qaydası ətraflı izah olunur. Elanda müraciətin qaydası ətraflı izah olunur. Xüsusi icra məmuru olmaq istəyən şəxslər elanda göstərilən qaydaya riayət etməklə müraciət edə bilərlər.
"Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi Qaydaları"nın 3.1-ci bəndinə əsasən, namizədlər müsabiqənin yekunları üzrə topladıqları ümumi ballara uyğun sıralanırlar. Toplanmış balların miqdarı eyni olduqda, ardıcıl olaraq elmi dərəcəsi olanlara, ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil bilənlərə üstünlük verilir. Həmin sıralamaya əsasən namizədlər xüsusi icra məmuru vəzifələri üzrə mövcud vakansiyaların sayına uyğun olaraq ilkin icbari hazırlıq və stajkeçməyə cəlb olunurlar. Digər namizədlər isə 2 (iki) il müddətində ehtiyat siyahıda saxlanılır və yeni vakansiyalar yarandıqda ilkin icbari hazırlıq və stajkeçməyə cəlb olunurlar.
Xüsusi İcra Məmurlarının reyestri:
Xüsusi İcra Məmurlarının Reyestri bütün xüsusi icra məmurlarına dair xarakterizəedici məlumatların toplandığı məlumat bazasıdır. Reyestr ictimaiyyət üçün açıqdır. Şəxs yalnız and içdikdən və barəsində məlumat Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edildikdən sonra xüsusi icra məmuru kimi fəaliyyətə başlaya bilər.
Xüsusi icra məmurunun səlahiyyətləri:
- icra sənədi əsasında icraata başlamaq;
- borcluya könüllü icra müddəti vermək;
- icra üzrsüz səbəbdən təmin olunmadıqda məcburi icra tədbirləri görmək, o cümlədən:
- əmlak və gəlirlərin axtarışını aparmaq;
- müxtəlif sorğular vermək;
- icraat tərəflərini və digər şəxsləri çağırmaq;
- əmlak üzərinə həbs qoymaq;
- tələbi əmlaka və gəlirə yönəltmək;
- borclunu axtarışa vermək, onun məcburi gətirilməsi və ölkədən çıxışının məhdudlaşdırması üçün təqdimatlar vermək;
- inzibati xəta haqqında protokol tərtib etmək, barəsində cinayət işinin başlanması üçün təqdimat vermək;
- göstərdiyi xidmətə görə qanunvericiliklə müəyyən edilmiş tariflərə uyğun standart haqq, əlavə icra haqqı və avans almaq və s.
Xüsusi icra məmurunun icra etdiyi işlər:
Cinayət, inzibati xəta və inzibati mübahisələr üzrə qərarlar, dövlət orqanlarının tərəf olduğu işlər, uşaqla ünsiyyət və uşağın qaytarılması, məişət zorakılığından mühafizə və məcburi müalicəyə dair işlər istisna olmaqla, bütün digər icra sənədlərinin icrasını həyata keçirə bilər.
Xüsusi icra məmurunun fəaliyyəti ilə bağlı ödənişlər:
Xüsusi icra məmuru müəyyən edilmiş tariflər əsasında ödənişli xidmət göstərərək icra haqları alır və özünü maliyyələşdirir. Xüsusi icra məmurunun haqlarına aiddir:
- Standart haqq - icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, xüsusi icra məmurunun və onun işçilərinin əməyinin ödənilməsi üçün borcludan tutulur. Standart haqqın sabit hissəsi pul tələblərində minimum 30 manat, maksimum 50 000 manatdır.
- Əlavə icra haqqı - qarşılıqlı razılığa əsasən icranın tam və ya qismən təmin olunmasına görə tələbkar tərəfindən ödənilir. Bu haqq icra məmurunun uğurlu fəaliyyətinə görə mükafatlandırma kimi başa düşülə bilər. Pul tələblərində ödənilməsi təmin olunan məbləğin 15%-dək müəyyən olunur.
- Avans – standart haqqın əvvəlcədən ödənilən hissəsidir. Tələbkar tərəfindən ödənilir, borcludan tutularaq qaytarılması üçün tədbirlər görülür. Pul tələblərində standart haqqın sabit hissəsinin 20%-i məbləğindədir.
Hər üç ödənişin məbləğləri (hədləri) qanunvericiliklə müəyyən edilmişdir.
Xüsusi icra məmuru öz fəaliyyətindən əldə etdiyi vəsaitdən qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri, ofisinin saxlanılması xərclərini, o cümlədən işçilərinin əmək haqlarını və fəaliyyəti ilə bağlı digər xərcləri ödədikdən sonra qalan vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
Xüsusi icra məmurunun haqlarının ödənilməsi yalnız elektron qaydada və yalnız bunun üçün ayrılmış bank hesabı vasitəsilə həyata keçirilə bilər. Xüsusi icra məmuruna nağd vəsait qəbul etmək qadağandır.
Xüsusi İcra Məmurlarının Palatası:
Palata xüsusi icra məmurlarının özünüidarə orqanıdır. Onun əsas məqsədi xüsusi icra məmurlarının fəaliyyətinin inkişafını və təkmilləşdirilməsini təmin etməkdən ibarətdir. Palata xüsusi icra məmurlarının məcburi üzvlüyü əsasında yaradılır, qeyri-kommersiya hüquqi şəxsdir. İdarə heyətinin sədri ona rəhbərlik edir. Palatanın idarə olunması qaydası Palatanın Nizamnaməsi ilə tənzimlənir. Palata Xüsusi İcra Məmurlarının özləri tərəfindən təsis edilir, bu vaxta qədər isə onun funksiyaları Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Xüsusi icra məmurunun fəaliyyət yeri:
Xüsusi icra məmurunun fəaliyyət yeri onun ofisidir. O, bir qayda olaraq həmin yer üzrə səlahiyyətli olan apellyasiya instansiyası məhkəməsinin ərazi yurisdiksiyasında qəbul edilmiş qərarları icra üçün öz icraatına qəbul edir. İcra hərəkətlərini isə ölkənin bütün ərazisində aparmaq səlahiyyətinə malikdir.
Xüsusi icra məmuru fəaliyyətinin təmin edilməsi üçün sayı məhdudlaşdırılmayan köməkçi, habelə kargüzarlıq, arxiv, maliyyə-mühasibat və digər işləri yerinə yetirən işçiləri işə götürə bilər. Xüsusi icra məmuru ilə işçilərinin əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
Tələbkar icra sənədinin xüsusi icra məmuru tərəfindən icra edilməsini istəyirsə:
Qərarın xüsusi icra məmuru tərəfindən icra olunmasını istədikdə xeyrinə qərar çıxarılmış şəxs (tələbkar) icra sənədi icraya yönəldilənədək məhkəməyə (digər orqana) yazılı müraciət edir və icra sənədinin ona təqdim edilməsini xahiş edir. Bu halda icra sənədi icraya yönəldilməsi üçün tələbkarın özünə təqdim olunur. Tələbkar ərazi yurisdiksiyasını nəzərə almaqla, Xüsusi İcra Məmurlarının Reyestrindən seçdiyi icra məmuruna müraciət edir. İcraya yönəldilmə müəyyən edilmiş elektron yönəltmə qaydasına əməl etməklə, yaxud da bilavasitə ofisə gəlib icra sənədini xüsusi icra məmuruna təqdim etməklə mümkündür. Hər iki halda müvafiq ərizə yazılmalıdır.
İcra sənədi tələbkara təqdim olunduğu vaxtdan 3 (üç) il müddətində tələbkar tərəfindən icraya yönəldilə bilər.
Xüsusi icra məmurunun icraata qəbul edə biləcəyi işlərin sayının yuxarı həddini Ədliyyə Nazirliyi müəyyən edir.
İşin xüsusi icra məmurunun icraatından götürüb dövlət icra məmuruna verilməsi:
Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbləri istisna olmaqla, avans ödənildikdən sonra icra sənədinin xüsusi icra məmurunun icraatından götürülərək dövlət icra məmurunun icraatına yönəldilməsinə yol verilmir.
İşin dövlət icra məmurunun icraatından götürüb xüsusi icra məmuruna verilməsi:
Bununla əlaqədar hər hansı məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki, “Xüsusi icra məmurları haqqında” Qanunun müddəaları 01.01.2026-cı ildən sonra verilən icra sənədlərinin icrasına şamil olunur. Həmin tarixdən əvvəl verilən icra sənədləri xüsusi icra məmurunun icraatına onun razılığı və Ədliyyə Nazirliyinin müəyyən etdiyi həddən çox olmamaqla yönəldilə bilər.