Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ədliyyə tarixi

1814-1868
1814

Qafqaz üzrə Baş Müdirin göstərişi əsasında müvəqqəti dairə məhkəmələri təsis edilib və onlar məhkəmə, inzibati və polis işləri ilə yanaşı, notariat funksiyalarını həyata keçirməyə başlayıblar.

1866

Notariat sahəsi haqqında Əsasnamə qəbul edilib və bu Əsasnamədə notarius vəzifəsinin təsis edilməsi nəzərdə tutulub.

1867

Bakı dairə məhkəməsinin böyük notariusunun ofisi və onun tabeçiliyində olan Bakı quberniyasının özəl notariuslarının ofisləri açılıb.

1868

Yelizavetpol dairə məhkəməsinin böyük notariusunun ofisi və onun tabeçiliyində olan Yelizavetpol quberniyasının özəl notariuslarının ofisləri yaradılıb.

1918-1920
28 may 1918

Ədliyyə Nazirliyi Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün təsis edilib.

14 noyabr 1918

Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi təsdiq olunub.

22 noyabr 1918

Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.

11 avqust 1919

Cəzaçəkmə yerlərində aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilib.

13 may 1920

Sovet Rusiyasının XI ordusu Azərbaycan Xalq Cümhuriyyətini işğal etdikdən sonra inqilab komitəsinin qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilib və Xalq Ədliyyə Komissarlığı yaradılıb. Onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilib.

1920

Azərbaycanda xüsusi qaydada fəaliyyət göstərən notariat ofisləri ləğv edilib və xalq notariusları vəzifəsi təsis olunub.

1930-1973
1930

Xalq Ədliyyə Komissarlığı ləğv edilib, səlahiyyətləri prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilib.

1933

Xalq Ədliyyə Komissarlığı yenidən təşkil olunub. Onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət prokurorluğuna və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilib.

1937

Komissarlığın yeni Əsasnaməsi təsdiq edilib, səlahiyyətləri məhdudlaşdırılıb, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olub.

1959

Ədliyyə Komissarlığı yenidən ləğv edilib, səlahiyyətləri digər dövlət qurumlarına verilib, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə olunub, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil edilib və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülüb.

27 oktyabr 1970

Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi yenidən təsis edilib. Nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranıb.

1973

Notariatın təşkili və fəaliyyəti "Dövlət notariatı haqqında" qanunla tənzimlənməyə başlayıb.

1993-2024
1993

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə rolu artıb.

26 noyabr 1999

"Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.

11 noyabr 2000

Ümummilli Lider Heydər Əliyevin imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.

18 aprel 2006

Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə” təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilib.

26 may 2006

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun qəbul edilib.

17 avqust 2006

“Ədliyyə orqanlarının inkişafı haqqında” Fərman imzalanıb. Dövlət başçısının Fərmanı ilə nazirliyin strukturu təsdiq olunaraq yeni qurumlar - Ədliyyə Akademiyası, regional ədliyyə idarələri və müxtəlif reyestrlər yaradılıb.

2006

Əhalinin hüquqi biliklərinin artırılması məqsədilə milli qanunvericiliyin “e-qanun.az” elektron resursu istifadəyə verilərək vətəndaşlara yeni qəbul olunan hüquqi aktlarla birbaşa, sərbəst və təmənnasız tanış olmaq imkanı yaradılıb.

21 noyabr 2008

Nazirliyin rəsmi emblemi, Nazirliyin Penitensiar xidmətinin Mühafizə alayının Bayrağı təsdiq olunub.

6 fevral 2009

“Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilib.

10 fevral 2017

Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılıb.

2017

İcra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunmasında müasir İKT-dən istifadənin əhəmiyyəti nəzərə alınaraq bütün icra sənədlərinin qeydiyyatının “Elektron icra” sistemi vasitəsilə aparılması təmin edilib.

18 dekabr 2018

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilib.

28 noyabr 2022

“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişiklik edilərək Nazirliyin Aparatının stukturu yenilənib.

04 iyun 2024

“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişiklik edilərək Nazirliyin Aparatının stukturu müasir çağırışlara uyğun təkmilləşdirilib.