Muzeylər
Azərbaycan ədliyyəsinin tarixi muzeyi
İnşaatçılar prospekti 1, Bakı şəhəri, Azərbaycan Respublikası
Azərbaycan ədliyyəsinin tarixi muzeyinin yaradılması haqqında əmr 16 avqust 2001-ci il tarixində imzalanıb, muzeyin açılışı isə 2001-ci il noyabrın 22-də – ədliyyə işçilərinin peşə bayramı günü olub.
İki zal və 20 bölmədən ibarət olan muzeyin ekspozisiyası 700-dən çox sənəd, əşya, maket, poçt markası, orden-medal və digər eksponatlardan, o cümlədən 340 fotoşəkildən ibarətdir.
Muzeydə Azərbaycanın ədliyyə tarixinin müxtəlif mərhələlərini əks etdirən sənədlər və eksponatlar, o cümlədən Ədliyyə Nazirliyinin təsis edilməsi və fəaliyyəti ilə bağlı sənədlər, Nazirlər Şurasının 22 noyabr 1918-ci il tarixli qərarı ilə qəbul olunmuş Nazirliyin Əsasnaməsi və digər rəsmi materiallar nümayiş etdirilir. Burada, həmçinin 1918-ci ildən etibarən bütün ədliyyə nazirlərinin və xalq ədliyyə komissarlarının siyahısı təqdim olunur.
Muzey üçün tarixi və elmi əhəmiyyət daşıyan sənəd və materialların toplanması prosesi bu gün də davam etdirilir.
Heydər Əliyev Muzeyi
İnşaatçılar prospekti 1, Bakı şəhəri, Azərbaycan Respublikası
Muzey Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunub. Muzeyin ekspozisiyasında Heydər Əliyevin uşaqlıq və gənclik illərinə aid fotoşəkillər, ailəsi ilə birlikdə çəkilmiş nadir kadrlar, həmçinin onun siyasi fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən sənədlər və görüntülər nümayiş etdirilir.
Muzeyin əsas bölmələrindən biri arxiv sənədləridir. Burada Heydər Əliyevin məktəb və universitet illərinə aid sənədlər, fəxri fərmanlar və müxtəlif dövrlərdə aldığı mükafatlar sərgilənir.
Həmçinin ekspozisiyada Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında baş vermiş mühüm dəyişikliklərə dair faktlar, eləcə də onun beynəlxalq arenada qazandığı yüksək nüfuzu əks etdirən şəkillər və sənədlər təqdim olunur. Ulu Öndərin müxtəlif ölkələrin liderləri ilə görüşlərini əks etdirən fotoşəkillər də ekspozisiyanın önəmli hissəsini təşkil edir.
Ümumilikdə muzey bir ekspozisiya zalından, 15 bölmədən, arxiv sənədlərindən və 138 fotoşəkildən ibarətdir.