Ədliyyə Nazirliyi BMT, Avropa Şurası, MDB və Haaqa Konfransı çərçivəsində qəbul edilmiş 19 Konvensiya üzrə mərkəzi orqan qismində çıxış edir. Bu Konvensiyalar mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım, alimentin ödənilməsi, məhkəmə və qeyri-məhkəmə sənədlərinin təqdim edilməsi, xarici məhkəmə və arbitraj qərarlarının tanınması və icrası, apostil, ekstradisiya (təslimetmə), məhkum olunmuş şəxslərin verilməsi, transmilli mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq və digər məsələləri tənzimləyir.
Ədliyyə Nazirliyi ölkəmiz adından Türkiyə, Rusiya, Bolqarıstan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İordaniya, Litva, Çin, Moldova, Pakistan, Mərakeş, Hindistan və Əlcəzair ilə mülki, ailə, ticarət və cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya (təslimetmə) və azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi sahəsində 40-dan çox ikitərəfli müqavilələr bağlamışdır.
Xarici ölkələrlə hüquqi əməkdaşlığın dərinləşdirilməsi, ədliyyə orqanları və hüquqşünaslar arasında qarşılıqlı fəaliyyət və dostluq əlaqələrinin inkişafı məqsədilə ölkəmizin Ədliyyə Nazirliyi tərəfindən Qərbi Avropa (Niderland, Almaniya, Avstriya, İtaliya, Fransa), Şərqi Avropa (Macarıstan, Rumıniya, Slovakiya, Bolqarıstan, Xorvatiya, Litva, Latviya, Türkiyə, Serbiya, Estoniya), MDB (Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan), Asiya (Çin, Vyetnam, İran, Hindistan, Pakistan), Afrika (Mərakeş, Əlcəzair, Misir) və Yaxın Şərq (BƏƏ, Qətər, İordaniya) dövlətlərinin (cəmi 35 dövlət) ədliyyə orqanları ilə əməkdaşlıq sənədləri imzalanmışdır.
Sadalanan fəaliyyətlər Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsi tərəfindən həyata keçirilir.