Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri - Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə sənədləşdirilmiş informasiyanı əks etdirən dövlət informasiya ehtiyatıdır.

Dövlət Reyestrinin aparılmasının əsas məqsədləri əhalinin yerləşməsinə və tərkibinə, miqrasiyanın əhatə dairəsinə və istiqamətinə, demoqrafiya məsələlərinə, eləcə də digər məsələlərə dair məlumatlar toplamaq, onları daim təzələmək; müəyyən edilmiş hallarda və qaydada dövlət və yerli özünüidarəetmə orqanlarını, habelə fiziki şəxsləri həmin məlumatlarla təmin etmək; habelə əhalinin müxtəlif kateqoriyaları üzrə informasiya sistemlərini aparan dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin səmərəliliyini artırmaqdır.

Dövlət Reyestri aşağıdakılardan ibarətdir:

  • Azərbaycan Respublikasının vətəndaşları barədə məlumatlar;
  • Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər barədə məlumatlar;
  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar;
  • Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər barədə məlumatlar;
  • Azərbaycan Respublikasında qaçqın statusu almış vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar;
  • Dövlət Reyestrinin aparılması ilə bağlı xidməti məlumatlar (məlumatlarda düzəlişlər edilməsi və sorğular barədə məlumatlar).

Dövlət Reyestrinə şəxs barəsindəki aşağıdakı məlumatlar daxil edilir:

  • fərdi identifikasiya nömrəsi, soyadı (əvvəlki soyadları), adı, atasının adı;
  • doğulduğu tarix və yer
  • cinsi, vətəndaşlığı və ailə vəziyyəti;
  • hərbi mükəlləfiyyətə münasibəti;
  • yaşayış yeri və olduğu yer üzrə qeydiyyata götürülməsi və çıxarılması;
  • şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti (o cümlədən 15 yaşına çatmamış şəxsin doğum haqqında şəhadətnaməsinin nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti);
  • 15 yaşına çatmış şəxsin fotoşəkil;
  • 15 yaşına çatmış şəxsin biometrik məlumatları (qan qrupu, gözlərinin rəngi, boyu);
  • ərin (arvadın), valideynlərin və uşağın fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti;
  • ölüm tarixi.

Dövlət Reyestrinə məlumatların daxil edilməsi onların birmənalı fərqləndirilməsinə, eyni şəxs barədə məlumatların tərkib hissələrinin əlaqələndirilməsinə, təkrara yol verilməməsinə və səmərəli istifadə edilməsinə imkan yaradan fərdi identifikasiya nömrəsi (FİN) əsasında aparılır. Fərdi identifikasiya nömrəsinin verilməsi avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. Fərdi identifikasiya nömrəsi təkrar olunmur və dəyişilmir.

Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxslər Dövlət Reyestrində yalnız özləri və qanunvericilikdə nəzərdə tutulmuş şəxslər haqqında olan məlumatlarla yazılı surətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etməklə tanış ola bilərlər. 

Barəsində sənədləşdirilmiş informasiya daxil edilmiş şəxslər Dövlət Reyestrində özləri haqqında olan məlumatlarda çatışmazlıqlar aşkar etdikdə müvafiq düzəlişlərin edilməsi üçün ərizə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edə bilərlər.

Xəbərlər