- Sənədlərə apostilin verilməsi və ya onun leqallaşdırması nədir?
Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşdirmənin iki növü var: apostilin verilməsi və konsul leqallaşdırması.
Apostil - sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir. Apostilin özündə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi və ya leqallaşdırması tələb olunmur.
Konsul leqallaşdırması - sənədlərdəki və aktlardakı imzaların həqiqiliyini və bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etməkdən ibarətdir.
- Apostilin verilməsi ilə leqallaşdırma arasında fərq nədir?
Leqallaşdırma daha uzun müddətli prosedur olaraq bir neçə qurumların təsdiqini zəruri edir.
-
- Leqallaşdırma:
- sənədin istifadə olunması nəzərdə tutulmuş xarici dövlətin konsulluğu tərəfindən təsdiq edilməsini nəzərdə tutur;
- leqallaşdırılmış sənəd yalnız onu rəsmiləşdirmiş dövlətin ərazisində istifadə oluna bilər.
- Apostilin verilməsi - birpilləli prosedur olmaqla sənədin yalnız bir orqan tərəfindən təsdiq olunmasını nəzərdə tutur və həmin sənəd “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyaya üzv olan bütün dövlətlərdə təqdim edilə bilər.
- Apostil hansı sənədlərə verilir?
Hansı sənədlərə apostilin verilməsini “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” Haaqa Konvensiyanın üzvü olan hər dövlət özü müəyyən edir. Ümumilikdə aşağıdakı sənədlərə apostil verilir:
-
- dövlət orqanları tərəfindən verilən sənədlər;
- məhkəmə sənədləri;
- notariat qaydasında təsdiq edilmiş sənədlər (o cümlədən hüquqi şəxs tərəfindən verilmiş sənədlərin notariat qaydasında təsdiq edilmiş surət və ya tərcümələri; fiziki şəxsin imzaladığı sənədlər, əgər onun imzası notariat qaydasında təsdiq edilibsə).
- Sənədlərə apostili verən orqan hansıdır?
Ədliyyə Nazirliyi aşağıdakı sənədlərə münasibətdə apostil verilməsi üzrə səlahiyyətli orqan qismində müəyyən edilmişdir:
-
- məhkəmələrin verdiyi sənədlər;
- prokurorluq orqanlarının sənədləri;
- ədliyyə orqanlarının sənədləri;
- notariat qaydasında təsdiq edilmiş sənədlər;
- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair sənədlər.
Digər sənədlərə münasibətdə isə apostil verilməsi üzrə səlahiyyətli orqan qismində Xarici İşlər Nazirliyi müəyyən edilmişdir.
- Sənədləri leqallaşdıran orqan hansıdır?
Konsul leqallaşdırması üzrə funksiyalar Azərbaycan Respublikasında Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi, xarici ölkələrdə Azərbaycan Respublikasının konsulluqları tərəfindən həyata keçirilir. Sənədin əslinin konsul leqallaşdırması üçün Xarici İşlər Nazirliyinə müraciət edilməlidir.
Sənədin surətinin və ya tərcüməsinin leqallaşdırması üçün ilk növbədə onun surəti və tərcüməsində tərcüməçinin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilir. Bu sənəddə notariusun imzasının həqiqiliyi və möhürün həmin notariusa məxsus olması Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənir. Bundan sonra sənəd Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində və ərazisində istifadə olunacaq dövlətin ölkəmizdəki konsulluğunda leqallaşdırılır.
- Apostil verilməyən sənədlər hansılardır?
Diplomatik və konsul agentləri tərəfindən tərtib edilmiş sənədlərə, gömrük və kommersiya əməliyyatlarına bilavasitə aid olan inzibati sənədlərə apostil verilmir.
- Leqallaşdırma tətbiq edilən ölkələr hansılardır?
“Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya üzv olmayan dövlətlər üçün sənədlərin leqallaşdırılması proseduru tətbiq edilir.
- Apostilin verilməsi müddəti nə qədərdir?
Sənədlər Ədliyyə Nazirliyinə daxil olduqdan 5 iş günü müddətində yoxlanıldıqdan sonra onlara apostil verilir. Düzgün tərtib olunmamış sənədlər apostil verilmədən qaytarılır. Apostilin verilməsi üçün təqdim edilmiş sənədlərin əlavə yoxlanılması tələb edildikdə, eləcə də sənədlərin sayı 10-dan artıq olduqda apostilin verilməsi müddəti 5 gün və ya daha artıq müddətə uzadıla bilər.
- Apostilin verilməsi və ya leqallaşdırma üçün hansı sənədlər verilir?
Apostilin verilməsi və ya leqallaşdırma sənədin əsli və ya onun notariat qaydasında təsdiq edilmiş surət yaxud tərcüməsinə münasibətdə həyata keçirilə bilər. Sənəd aşağıdakı qaydada Ədliyyə Nazirliyinə təqdim oluna bilər:
-
- bilavasitə sənəd sahibi tərəfindən;
- notariat ofisləri vasitəsi ilə;
- “ASAN xidmət” mərkəzləri vasitəsi ilə;
- üçüncü şəxslər tərəfindən.
Apostil verilməsi üçün ərizələrin elektron nüsxəsini Ədliyyə Nazirliyinin rəsmi veb saytının “Dövlət xidmətləri” bölməsində yerləşdirilmiş “Apostil üçün ərizə” elektron xidmətindən yararlanmaqla əldə etmək mümkündür.
- Apostilin verilməsi üçün sənədlərə dair hansı tələblər var?
Apostilin verilməsi üçün təqdim edilən sənədlərə hər hansı əlavə məlumatın daxil edilməsinə, sona qədər tamamlanmamış sətirlərə və digər boş yerlərə xətt çəkilməsinə yol verilmir.
Tərkibi bir neçə vərəqdən ibarət olan sənədlər tikilməli, vərəqlər nömrələnməli, sənədi verən vəzifəli şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir.
Sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınmasıvə ona möhür vurulması vasitəsilə həyata keçirilir.
İmzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, adı və soyadı daxildir. Sənədi imzalamalı olan vəzifəli şəxs müvəqqəti işdə olmadıqda, sənədi onun müavini və ya səlahiyyətlərini icra edən şəxs imzalayır. Bu zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi, adı və soyadı göstərilməlidir. Sənədi “əvəzinə” sözünü yazmaqla və ya vəzifənin adının qabağına xətt çəkməklə imzalamaq qadağandır.
Qeyd: Qanunvericiliyin tələblərinə uyğun olaraq pozuntu və qaralaması olan, təsdiq edilməmiş əlavələri olan sənədlərin, zədələndiyinə görə mətninin oxunması mümkün olmayan, yaxud karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır.
Notariat qaydasında təsdiq edilən əqdlərin və sənədlərin mətnləri aydın və dürüst yazılmalı, sənədin mətninə aid olan tarixlər və müddətlər heç olmasa bir dəfə sözlərlə, hüquqi şəxslərin adları isə onların orqanlarının ünvanını göstərməklə ixtisarsız yazılmalıdır.
Fiziki şəxslərin adı, soyadı və atasının adı tam yazılmalı, onların yaşayış yeri göstərilməlidir.
Əgər bir neçə vərəqdə ifadə olunmuş sənədlər nömrələnməmiş, qaytanlanmamış, vəzifəli şəxsin imzası ilə və sənədi verən idarənin, müəssisəsinin və təşkilatın möhürü ilə təsdiq edilməmişsə, bu sənədlər də qəbul edilmir.
- Apostilin verilməsi və ya leqallaşdırma üçün dövlət rüsumu nə qədərdir?
Bir sənədə apostilin verilməsinə görə dövlət rüsumu 10 manat təşkil edir.
Leqallaşdırma üçün təqdim olunan sənədin təsdiqinə görə dövlət rüsumu nəzərdə tutulmamışdır.
Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir.
Sənədə apostil verilməsinə görə dövlət rüsumu həmçinin Ədliyyə Nazirliyi internet saytının “Dövlət xidmətləri” bölməsində yerləşdirilimiş “Notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə əlaqədar ödənişlərin internet vasitəsilə ödənilməsi” elektron xidməti vasitəsi ilə ödənilə bilər.
Apostil verilməsi üçün sənədin hazırlanması və təqdim edilməsində səlahiyyətli olan qurumların siyahısı ilə linkə keçid edərək tanış olmaq mümkündür.
- Sənədlərin Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsində qəbulu və təhvil verilməsi vaxtı
Sənədlərə apostil verilməsi ilə bağlı onların Notariat, qeydiyyat və reyestr baş idarəsində qəbulu, habelə təhvil verilməsi iş günləri saat 15.00-dan 17.00-dək həyata keçirilir.
- Apostil verilməsi üçün sənədin hazırlanması və təqdim edilməsində səlahiyyətli olan qurumların siyahısı ilə linkə keçid edərək tanış olmaq mümkündür.
- “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya üzv olan dövlətlərin siyahısı ilə linkə keçid edərək tanış olmaq mümkündür.