Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyi cəzaları, cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və orqanların fəaliyyətinə, cəzaların və müvafiq cinayət-hüquqi xarakterli tədbirlərin icrasına və həbsdə saxlama zamanı normativ hüquqi aktların tələblərinə, cəzaların çəkilməsi şərtlərinə əməl olunmasına nəzarəti həyata keçirir.

Bu sahədə fəaliyyət Nazirliyin Cəzaların icrasına nəzarət baş idarəsi tərəfindən həyata keçirilir. 

Nazirliyin cəzaların icrasına nəzarət üzrə fəaliyyəti aşağıdakılardır:

  • penitensiar müəssisələrdə cəzaların icrası ilə bağlı fəaliyyətə nəzarət edilir;
  • məhkumların cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaların icrasına nəzarət edilir.

Tez-tez verilən suallar

Hamısına bax
Amnistiya aktı hansı orqan tərəfindən qəbul edilir?

Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.

Əfvetmə kim tərəfindən həyata keçirilir?

Əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs cəzanın on il müddətini çəkdikdən sonra Azərbaycan Respublikasının Prezidentinə əfvetmə barədə müraciət edə bilər. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Hansı məhkumlar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər?

Məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə Cinayət Məcəlləsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz.

Hansı məhkumların cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər?

Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.

- Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.

- Cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza müddətinin ən azı üçdə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.

- Cəzanın çəkilməmiş hissəsinin əvəz edilməsi zamanı məhkəmə Cinayət Məcəlləsinin 42-ci maddəsində nəzərdə tutulmuş istənilən daha yüngül cəza növünü, hər cəza növü üçün həmin Məcəllə ilə müəyyən edilmiş həddə seçə bilər.

Xəstəliyə görə hansı məhkumlar cəzanı çəkməkdən azad edilə bilər?

Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs qanuni qüvvəyə minmiş hökmlə təyin edilmiş cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad olunur. Belə şəxs barəsində məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər. Məhkumun cəza çəkməsinə mane olan xəstəliklər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı" ilə müəyyən olunur.

Xəbərlər