Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri

Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini aparır, reyestrdə yoxlamaların qeydiyyatını həyata keçirir. Bu fəaliyyət Nazirliyin Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən həyata keçirilir. 

Sahibkarlıq sahəsində yoxlamalarla bağlı informasiyanın vahid mənbədə toplanılması ilə yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsi təmin edilir. Bu məqsədlə Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində müvafiq qeydiyyat aparılır.

Sahibkarlar aidiyyəti bölmədə qeydiyyatdan keçməklə fərdi kabinetlərinə daxil olaraq özləri ilə əlaqədar qeydiyyata alınmış yoxlamalarla və barələrində nəzərdə tutulan yoxlama planları ilə tanış ola bilərlər.

Tez-tez verilən suallar

Hamısına bax
Hansı yoxlamalar Reyestrdə qeydiyyata alınmalıdır?

Sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə keçirdikləri bütün növ yoxlamalar Reyestrdə qeydiyyata alınmalıdır.

Yoxlama Reyestrdə qeydiyyata alınmadan həyata keçirilə bilərmi?

Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

Hansı halda sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlama Reyestrdə qeydiyyata alınmır?

Cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamaların Reyestrdə qeydiyyatı aparılmır.

Yoxlayıcı orqanların sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə səfəri hansı halda Reyestrdə qeydiyyata alınmır?

Sahibkarın müraciətinə əsasən yoxlayıcı orqan tərəfindən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məsələsinin Reyestrdə qeydiyyatı aparılmır.

Yoxlama hansı müddətdə qeydiyyata alınır?

Yoxlama müraciət edilən gündən 1 iş günü müddətində, plandankənar yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal qeydiyyata alınır.

Qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə məsuliyyət müəyyən olunubmu?

Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyata alınmadan yoxlama aparılmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.1-ci maddəsinə əsasən vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. 

Planlı yoxlamaların qeydiyyata alınması üçün məlumatlar Ədliyyə Nazirliyinə nə zaman göndərilir?

Planlı (yoxlama planında mövcud olan) yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə məlumatlar yoxlamadan ən azı 5 iş günü (vergi yoxlamasından ən azı 15 gün) əvvəl Ədliyyə Nazirliyinə göndərilir.

Plandankənar yoxlamaların qeydiyyata alınması üçün məlumatlar Ədliyyə Nazirliyinə nə zaman göndərilməlidir?

Plandankənar (yoxlama planında mövcud olmayan) yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl, yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal Ədliyyə Nazirliyinə təqdim edilir.

Yoxlayıcı yoxlamadan əvvəl hansı sənədləri təqdim etməli, məlumatları verməlidir?

Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın Reyestrdə qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 

Sahibkarlıq sahəsində yoxlamalar hansı tarixədək dayandırılıb?

Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-ci il yanvarın 1-dək dayandırılıb. 

Yoxlamaların dayandırıldığı müddətdə hər hansı yoxlama keçirilə bilərmi?

Bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. 

Xəbərlər