Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyi müəyyən müddətə və ömürlük azadlıqdan məhrum etmə cəzalarının icrasını və məhkumların islahını həyata keçirir, penitensiar müəssisələrin fəaliyyətini təşkil edir. Bu fəaliyyət Nazirliyin baş idarə səlahiyyətli müstəqil struktur qurumu olan Penitensiar xidmət tərəfindən icra edilir. 

Penitensiar sahə üzrə Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 

  • müəyyən müddətə və ömürlük azadlıqdan məhrum etmə cəzalarının icrası;
  • penitensiar müəssisələrin, istintaq təcridxanalarının, təqsirləndiriliən şəxslərin və məhkumların mühafizəsini və müşayiətini həyata keçirən hərbi qurumların və penitensiar xidmətə daxil olan digər qurumların fəaliyyətinin təşkili;
  • cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının mühafizəsi;
  • məhkumların islah işininin aparılması;
  • həbs edilmiş şəxslərin və məhkumların mühafizəsinin, onların müşayiətinin həyata keçirilməsi;
  • barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin saxlanılması.

Tez-tez verilən suallar

Hamısına bax
"Penitensiar" sözünün mənası nədir?

"Penitensiar" sözü latın dilindəki “paenitentia" sözündən yaranıb, tərcüməsi "peşmanlıq" deməkdir.

Məhkum edilmiş şəxsin əfv olunması ilə bağlı müraciət necə edilə bilər?

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş «Əfvetmə haqqında Əsasnamə»yə əsasən əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər. Əfvetmə barədə müraciət islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – hökm qanuni qüvvəyə mindikdən sonra, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra, ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra, məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra verilə bilər. Əfvetmə barədə məsələni, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqlarına dair müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da öz vəsatəti ilə qaldıra bilər. Cinayət törədərkən on dörd yaşından on səkkiz yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar da vəsatət verə bilər.

Amnistiya və əfvetmənin fərqi nədir?

Amnistiya hüquq pozuntuları törətmiş fərdi qaydada müəyyən edilməmiş şəxslər barəsində onlara tətbiq olunmuş və ya tətbiq oluna biləcək cəzadan azad edilməsi, yaxud onlara təyin olunmuş cəzanın müddətinin azaldılması və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsidir. Amnistiya aktı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Əfvetmə fərdi qaydada müəyyən edilmiş, məhkəmələr tərəfindən məhkum edilmiş şəxslər barəsində cəzadan azad edilməsi, yaxud onlara təyin olunmuş cəzanın müddətinin azaldılması və ya cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsidir. Əfvetmə Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi institutu hansı normativ-hüquqi aktlarla tənzimlənir?

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı, Cəzaların İcrası Məcəlləsinin 170-ci, Cinayət-Prosesssual Məcəlləsinin 513-cü maddələrinə uyğun olaraq, məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi institutu ümumi az ağır rejimdə cəzanın yarısı, ümumi ağır rejimdə cəzanın üçdə ikisi, ciddi rejimdə cəzanın dörddə üçü və ömürlük azadlıqdan məhrumetmə növündə cəzada 25 il müddətində cəza çəkdikdən sonra həyata keçirilir.