Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyi bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir. Bu fəaliyyət Nazirliyin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən həyata keçirilir. 

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət:

Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə həyata keçirilən fəaliyyətdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş qaydada və hallarda həyata keçirilir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunvericiliyə əməl olunması baxımından həyata keçirilir. 

Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım: 

Bələdiyyələrin fəaliyyətinin Azərbaycan Respublikasının Konstitusiyasına, “Yerli özünüidarə haqqında” Avropa Xartiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğun, mütərəqqi beynəlxalq təcrübə və yerli xüsusiyyətlər nəzərə alınmaqla səmərəli təşkilinə nail olunması məqsədilə həyata keçirilir. Kömək və metodoloji yardım bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz.

Kömək və metodoloji yardım aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

  • Bələdiyyələrdə kargüzarlıq və sənədlərin arxivləşdirilməsi;
  • Yerli büdcənin tərtibi, təsdiqi və icrası, həmçinin yerli büdcənin icrasına dair hesabatların verilməsi;
  • Bələdiyyə əmlakından, o cümlədən bələdiyyə torpaqlarından istifadə;
  • Bələdiyyə iclaslarının keçirilməsi, bələdiyyələrin vəzifəli şəxslərinin səlahiyyətlərinin icrası;
  • Bələdiyyənin icra aparatının təşkili, bələdiyyə qulluğuna qəbul;
  • Bələdiyyələrin fəaliyyətində şəffaflıq və hesabatlılıq;
  • Qanunvericiklə bələdiyyələrin fəaliyyətinə aid edilmiş digər məsələlər

Tez-tez verilən suallar

Hamısına bax
Bələdiyyələr öz fəaliyyətini hansı qaydada həyata keçirirlər?

Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsilə həyata keçirir. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyənin icra orqanı onun icra aparatıdır. Bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyənin sədri rəhbərlik edir.

Yerli vergilərlə bağlı kimlərə güzəştlər tətbiq olunur?

Bu fiziki şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır: 

  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları;
  • Azərbaycanın Milli Qəhrəmanları; 
  • Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları; 
  • müharibə ilə əlaqədar əlilliyi olan şəxslər; 
  • həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) və övladları; 
  • 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər; 
  • qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər; 
  • Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər; şəhid statusu almış şəxslərin valideynləri, dul arvadları (ərləri) və övladları.     

    Geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisi müvafiq təsdiqedici sənədlər (geoloji-kəşfiyyat işlərini həyata keçirən şəxsin podrat müqaviləsi, geoloji-kəşfiyyat planı, geoloji-kəşfiyyatla bağlı təqdim edilən hesabat) əsasında faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə başlanıldığı təqvim ili üzrə 75 faiz azaldılır (eyni vergi ilində geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən və istismar edilərək faydalı qazıntılar çıxarılan torpaq sahələrinə münasibətdə tətbiq edilmir).
    Vergi Məcəlləsinin 199.11-ci və 199.14-cü maddələri nəzərə alınmaqla, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən (sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna olmaqla) yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılır.
    Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, torpaq vergisindən güzəşt verilən fiziki şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. 
Həyətyanı torpaq sahəsi bələdiyyə tərəfindən hansı qaydada ayrılır?

Bələdiyyə öz torpaqları üzərində sərəncam verə bilmək üçün ilk növbədə onun həmin torpaq sahələrinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Bələdiyyə tərəfindən bələdiyyə ərazisində daimi yaşayan və ən azı beş il müddətində qeydiyyatda olan şəxslərə həyatyanı torpaq sahəsi müvafiq dövlət orqanlarının (yerli icra hakimiyyəti orqanlarının memarlıq xidmətinin və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli qurumlarının) rəyləri alındıqdan sonra birbaşa bələdiyyə iclasının qərarı ilə satılır. Bələdiyyə qərarında torpaq sahəsinin satış qiyməti və alıcı tərəfindən torpaq sahəsinin digərinin ödənilməsi müddəti (60 gündən cox olmamaqla) göstərilir. Həmin müddətdə torpağın dəyəri alıcı şəxs tərəfindən ödənildikdə bələdiyyə ilə alıcı arasında notariat qaydasında alqı-satqı müqaviləsi bağlanılır. Bu qaydada həyatyanı torpaq sahəsi almış şəxs onu beş il müddətində özgəninkiləşdirə bilməz. Digər şəxslər həyatyanı torpaq sahəsini hərrac və ya müsabiqədə iştirak etməklə qalib gəldikləri təqdirdə ala bilərlər.

Hansı vergilər yerli (bələdiyyə) büdcəyə ödənilməlidir?
  • fiziki şəxslərin torpaq vergisi:
    • təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları;
    • sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar; yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar;
  • fiziki şəxslərin binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi;
  • bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

Bələdiyyələr sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlərmi?

Bələdiyyələr təsərrüfat orqanı olmadığından onlar birbaşa özləri sahibkarlıqla məşğul ola bilməzlər. Lakin qanunvericilik bələdiyyələrə öz hüquqi şəxslərini (müəssisələrini) yaratmaq hüququ verir. Bələdiyyələr qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri istisna olmaqla sahibkarlığın bütün formaları ilə (istehsal, xidmət və s.) məşğul olan hüquqi şəxslərini (müəssisələrini) yarada bilirlər.

Hazırda bələdiyyələrin sayı nə qədərdir?

 "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" 18 oktyabr 2024-cü il tarixli Qanunla 63 şəhər və rayon üzrə 1400 bələdiyyənin birləşməsi nəticəsində 480 yeni bələdiyyə yaradılıb. Ölkə üzrə bələdiyyələrin ümumi sayı 1606-dan 685 bələdiyyəyə azaldılıb.

Fiziki şəxslərin əmlak vergisi necə hesablanır və ödənilir?

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən binalar, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektidir. Bu obyektlərə görə ödənilən vergi əmlak vergisidir. Fiziki şəxslərin əmlak vergisi nağdsız qaydada bələdiyyə büdcəsinə ödənilir. Fiziki şəxslərin mülkiyyətində olan binaya görə əmlak vergisi onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən binanın sahəsinin hər kvadratmetrinə görə (yaşayış sahələrinə münasibətdə - onların 30 kv.metrdən artıq olan hissəsi), vergi dərəcələri üzrə və Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallarla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə) hesablanır. Fiziki şəxsin bir neçə yaşayış sahəsi olduqda, yaşayış sahələrinin hər birindən vergiyə cəlb olunmayan 30 kv.metr çıxılır. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın sahəsindəki payına uyğun olaraq hesablanır. Fiziki şəxslərin əmlak vergisinin dərəcələri:

 

Yaşayış məntəqələri

Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri

(manatla)

Bakı

0,4

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu

0,3

Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri

0,2

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla)

0,1

 

Fərdi ev (ya mənzil) üzrə vergilərin hesablanması nümunəsi:

Ümumi sahəsi 60 kvadratmetr, 30 kv.metri vergi hesablanmasına daxil edilmir.

1.Ünvan – Bakı ş. İnşaatçılar prospekti (zona 3, əmsal 1,3) Bakıda 1 kv.metr üçün vergi – 0.40 AZN; (60 -30) х 0,40 х1,3 = 15,6 manat

2.Ünvan - Quba r., Dəlləkli k. 1 kv.metr üçün vergi – 0.1 AZN (60 -30) х 0,1 =3 manat

Qeyri-yaşayış sahəsi üzrə vergilərin hesablanması nümunəsi

Obyektin ümumi sahəsi 70 kv.metr, ünvan – Bakı ş. İstiqlaliyyət küçəsi (zona 1, əmsal 1,5) Bakıda 1 kv.metr üçün vergi – 0.40 AZN; 70 х 0,40 х1,5 =42 manat

Su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq bələdiyyənin vergi xidməti orqanına təqdim edir. Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur. - su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat; - hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat; - mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün - onların bazar qiymətinin 1 faizi.

Statistika

Statistik rəqəmlər 2025-ci ilin 9 ayını əhatə edir.

VVAQ ümumi sayı
55,506 İnzibati nəzarət qaydasında baxılmış bələdiyyə aktlarının sayı