Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Milli Məclisdə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib

Milli Məclisdə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib
Milli Məclisdə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib
Milli Məclisdə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib

Fevralın 13-də Milli Məclisin növbəti plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi dinlənilib. 
Ədliyyə nazirinin müavini Toğrul Hüseynov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəni təqdim edib.
Çıxışında 2025-ci ildə Azərbaycanın siyasi və diplomatik uğurlarından söz açan nazir müavini qeyd edib ki, ötən ildə ölkə həyatının bütün sahələrində olduğu kimi, yerli demokratiyanın inkişafında da müsbət nəticələr əldə olunub. Yerli özünüidarəetmə sahəsində islahatların yeni mərhələsinə start verilib və bələdiyyələrin struktur islahatları nəticəsində onların sayı ölkə üzrə 685 vahid təşkil edib. Həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ilk dəfə ötən ilin yanvarında bələdiyyə seçkiləri keçirilib, nəticədə bələdiyyələrin yeni tərkibi formalaşıb. Əvvəlki seçkilərdə olduğu kimi, yeni seçilən bələdiyyə üzvlərinin böyük hissəsini qadınlar və gənclər təşkil edib.
Diqqətə çatdırılıb ki, hesabat ilində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 81.711, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1.935 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə onların 97,2%-nin qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Ümumilikdə, həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı 1.700-ə yaxın aktın dəyişdirilməsi və ya ləğv edilməsi aidiyyəti bələdiyyələrə təklif olunub.  Bələdiyyələrin fəaliyyəti ilə bağlı baxılmış 4.132 müraciətdən 313-ü təmin edilib. Şəhid ailəsi üzvlərinin, müharibə əlili və iştirakçılarının müraciətləri xüsusi nəzarətdə saxlanılıb və belə müraciətlərdən 65-i təmin olunub.
Qeyd olunub ki, inzibati nəzarət icraatı zamanı 62 halda cinayət əlamətləri aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 14-ü üzrə cinayət işi başlanılıb, bir qismi üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, digər materiallar isə istintaq orqanlarında baxılmaqdadır. Bildirilib ki, 2025-ci ildən etibarən inzibati nəzarət qaydasında baxılması üçün ölkə bələdiyyələri üzrə bütün aktların qanunvericiliyin tələbinə uyğun olaraq “Bələdiyyələrlə iş” informasiya sisteminə yerləşdirilməsi təmin olunub.
Torpaq sahələrinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi nəticəsində 3 min hektardan çox torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb.
Bildirilib ki, 2025-ci ilin aprel ayında dərc olunan Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə bələdiyyə büdcəsinin icrası barədə məlumatına əsasən, ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 7,9 milyon manat (14,4%) artaraq, 63 milyon manata yaxın vəsait təşkil edib. Bələdiyyələrin vahid informasiya sistemindən əldə olunan məlumatlara əsasən, bu göstəricinin 2025-ci ilin yekunları üzrə də yüksək olması proqnozlaşdırılır. Qeyd olunub ki, 2025-ci ildə 4 yeni bələdiyyə müəssisəsi yaradılıb.
Diqqətə çatdırılıb ki, keçən il qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə uyğun olaraq “Elektron icra” informasiya sistemi ilə bələdiyyələrin icra sənədlərinin elektron kabinet vasitəsilə operativ şəkildə icraya yönəldilməsi, icra prosesinin izlənilməsi imkanı təmin olunub.
Yerli özünüidarəetmə sahəsində aşkarlığın, şəffaflığın, ictimai iştirakçılığın artırılması ilə bağlı da ardıcıl tədbirlər görülüb. Vurğulanıb ki, “Bələdiyyələrlə iş” informasiya sistemi yerli özünüidarəetmə orqanlarının fəaliyyətində operativliyin, səmərəliliyin, şəffaflığın, habelə məlumatların sistemliliyinin və əlçatanlığının təmin olunmasında mühüm rol oynayır.
Eyni zamanda, bir sıra qanunlara edilmiş dəyişikliklərlə bələdiyyələrin vahid informasiya sisteminə dövlət informasiya sistemi statusu verilib, sistemin “Hökumət buludu”nda yerləşdirilməsi və dövlət reyestrlərinə daxil edilməsi nəzərdə tutulub.
Ötən il ərzində bələdiyyələr tərəfindən yerli əhalinin rifahının yaxşılaşdırılması və həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosialyönümlü layihələrin icrası prioritet istiqamətlərdən biri olub. 2025-ci ildə bələdiyyələr tərəfindən abadlıq işlərinə 10 milyon manata yaxın, sosial müdafiə və sosial təminatla bağlı xərclərə 1,7 milyon manatdan çox vəsait sərf olunub.
Nazir müavinin sözlərinə görə, 2025-ci ildə bələdiyyə üzvlərinin və qulluqçularının hüquqi maarifləndirilməsi də diqqət mərkəzində saxlanılıb. Nazirlik tərəfindən ölkəmizdə yerli özünüidarəetmənin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti dövlət orqanları, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Milli Məclisi və onun müvafiq komitələri ilə sıx əməkdaşlıq davam etdirilib.
Vurğulanıb ki, ümumilikdə 2025-ci il ərzində görülən işlər ölkəmizdə bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi ictimai nüfuzunun yüksəldilməsinə və onların fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsinə xidmət edir.
Sonra Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi barədə komitənin rəyini diqqətə çatdırıb.
Daha sonra məruzə ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib. 
İclasda nazir müavini Toğrul Hüseynov müzakirələr zamanı qaldırılan məsələlərə münasibətini bildirib, səsləndirilən fikirlər və təkliflərlə bağlı müvafiq işlərin görüləcəyini deyib.
Sonda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzə səsə qoyularaq nəzərə alınıb.

 

 

2026-02-13 18:56:17