Noyabr ayı ərzində Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının Ümumi Yığıncaqları keçirilib.
Tədbirlərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin, Ədliyyə Nazirliyinin nümayəndələri, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərləri və 300-dən çox bələdiyyə üzvü iştirak edib.
Yığıncaqlar zamanı Assosiasiyaların 2023-2024-cü illərdə fəaliyyəti haqqında hesabatlar, Nəzarət-təftiş komissiyalarının hesabatları, təşkilati məsələlər, Ədliyyə Nazirliyi və digər qurumlarla birgə həyata keçirilən tədbirlər, bələdiyyələrin iqtisadi potensialının artırılması üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin yerli özünüidarəetmə sisteminin inkişaf etdirilməsi üçün müəyyən edilmiş hədəflər və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat təqdim edilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müvafiq şöbəsinin dəstəyi, Milli Məclisin Regional Məsələlər Komitəsi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi və digər əlaqədar qurumlarla əməkdaşlıq çərçivəsində bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş sistemli tədbirlər həyata keçirilib. Yerli özünüidarəetmə sahəsində qabaqcıl təcrübənin geniş tətbiqi, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, vergi və uçot sistemində aparılan optimallaşdırma nəticəsində bələdiyyələrin büdcə daxilolmalarının əvvəlki illərlə müqayisədə artdığı vurğulanıb.
Yığıncaqlarda, həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət zamanı aşkarlanan nöqsanlar, həmin pozuntuların aradan qaldırılması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən görülən işlər və göstərilən metodoloji yardımın əhəmiyyəti qeyd olunub.