Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbul

Dövlət icra məmuru kimdir?

Dövlət icra məmuru Ədliyyə Nazirliyinin tabeliyindəki yerli icra qurumlarında çalışan, xüsusi rütbəli vəzifə tutan, məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını təmin edən vəzifəli şəxsdir. Dövlət icra məmuru ədliyyə qulluqçusu sayılır, onun fəaliyyəti dövlət qulluğunun xüsusi növünə aid edilir. Dövlət icra məmurlarının fəaliyyətinə Ədliyyə Nazirliyi nəzarət edir. Bundan əlavə icra qurumunun rəhbəri və icra sənədini verən məhkəmə də müvafiq səlahiyyətə malikdir.

Dövlət icra məmuru olmaq üçün hansı tələblər var?

Ədliyyə orqanlarında qulluğun şərtlərinə cavab verən, istənilən ixtisas üzrə ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları dövlət icra məmuru ola bilərlər. Dövlət icra məmuru olmaq üçün hüquq təhsili vacib deyil. Həm hüquqşünas olan, həm də hüquqşünas olmayan ali təhsilli şəxslər dövlət icra məmuru ola bilərlər.

Kimlər dövlət icra məmuru ola bilməzlər?

"Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" Qanunun 4.2-ci maddəsinə əsasən:

  • ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər;
  • din xadimləri;
  • məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər;
  • cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;
  • tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə ədliyyə orqanlarında işləməyə qadir olmayan şəxslər; 
  • məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər

ədliyyə orqanlarına qulluğa qəbul edilə bilməzlər.

Dövlət icra məmuru vəzifəsi hansı qaydada tutulur?

Dövlət icra məmuru vəzifəsi müsabiqə yolu ilə tutulur. Müsabiqə test imtahanı və söhbət/müsahibə mərhələlərindən ibarətdir. Müsabiqədə uğur qazanan namizədlər icra məmuru kimi işləmək üçün Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında azı 3 aylıq icbari təlimə cəlb olunur. İcbari təlimi uğurla bitirənlər isə dövlət icra məmuru vəzifəsinə təyinat alırlar.

Dövlət icra məmuru vəzifəsinə vakansiya olduqda bu barədə Ədliyyə Nazirliyi tərəfindən Nazirliyin rəsmi veb-saytında, sosial media hesablarında, eləcə də mediada elan verilir. Elanda müraciətin qaydası ətraflı izah olunur. Bu halda dövlət icra məmuru olmaq istəyən şəxslər Nazirliyin elanında göstərilən qaydaya riayət etməklə müraciət edə bilərlər.

Kimlər müsabiqənin test imtahanı mərhələsindən azaddır?

"Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"nin 1.7.1-1.7.4-cü bəndlərində göstərilən aşağıdakı şəxslər müsabiqənin test imtahanı mərhələsindən azaddır:

  • prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər;
  • digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan şəxslər;
  • hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • əvvəllər hakim işləmiş şəxslər.

Müsabiqə nəticələrinə uyğun olaraq namizədlərin təyinatı hansı qaydada aparılır?

"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası"nın 4.13-cü bəndinə əsasə, icbari təlimin yekun qiymətləndirməsindən müvəffəqiyyətlə keçmiş namizədlər müsabiqə və icbari təlimin yekunları üzrə topladıqları ümumi bala əsasən sıralanırlar. Namizədlər həmin sıralamaya əsasən vakant icra məmuru vəzifəsinə təyin edilmək üçün ədliyyə nazirinə təqdim olunurlar. Toplanmış balların miqdarı eyni olduqda, ardıcıl olaraq elmi dərəcəsi olanlara, ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil bilənlərə üstünlük verilir.

Həmin Qaydanın 5.2-cü bəndinə əsasən, icbari təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçmiş namizədlərin sayı icra məmurları üzrə boş olan ştat vahidlərinin sayından çox olduqda, qulluğa qəbul edilməyən namizədlər ehtiyat kadr siyahısına daxil edilir və ştat vahidi üzrə vakansiya yarandıqda vəzifəyə təyinatları həyata keçirilir. Təklif edilən vakant vəzifədən 2 (iki) dəfə imtina edənlər (eyni vəzifə təkrarən təklif oluna bilməz) ehtiyat kadr siyahısından çıxarılırlar.

Dövlət icra məmuru peşəsinin mahiyyəti və səlahiyyətlərinə dair əlavə məlumatla linkdə "Dövlət icra məmurları" bölməsinə keçid edərək tanış olmaq mümkündür.

Dövlət icra məmuru olmaq istəyən şəxslər üçün keçirilən müsabiqədə iştirak edən namizədlər müsabiqə üzrə imtahan suallarının hazırlanmasında istifadə olunan normativ hüquqi aktların siyahısı, test imtahanının sual nümunələri, eləcə də müsabiqənin keçirilməsi barədə müvafiq qaydalar və digər məlumatlarla "Təlimatlar" bölməsinə keçid edərək tanış ola bilərlər.