Məhkəmə Ekspertizası Mərkəzinə işə qəbul necə həyata keçirilir?
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə işə qəbul "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən müsabiqə və "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi Qaydaları"na əsasən müsahibə üzrə həyata keçirilir.
- Məhkəmə Ekspertizası Mərkəzinə işə qəbulla bağlı müsahibə bu qurumda fəaliyyət göstərən müsabiqə komissiyası tərəfindən həyata keçirilir.
- Müsahibədə iştirak etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları ərizə və müvafiq sənədlərini iş günlərində Mərkəzin Bakı şəhəri, Xəqani küçəsi, 14 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
İşə qəbul üçün hansı sənədlər tələb olunur?
- Ərizə
- Şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti
- Kadrların uçotunun şəxsi vərəqəsi
- Tərcümeyi-hal
- 4x6 və 3x4 sm ölçülərdə dörd (4) ədəd rəngli fotoşəkil (ağ fonda, ciddi geyimdə)
- Ali təhsil haqqında sənədin notariat qaydasında təsdiq olunmuş surəti (diplom və diploma əlavə)
- Əmək kitabçasının notariat qaydasında və ya kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti
- Sağlamlıq haqqında Ədliyyə Nazirliyi Tibb baş idarəsinin arayışı
- Ailə tərkibi haqqında arayış
- Ərazi üzrə hərbi komissarlıqdan qeydiyyat haqqında sənəd
- Hərbi biletin notariusda təsdiq olunmuş surəti
- Narkoloji və ruhi əsəb dispanserində qeydiyyatda olub-olmaması haqqında arayış
- Poliklinikadan müraciət edib-etməməsi barədə arayış
İşə qəbulla bağlı tələb və şərtlərlə Mərkəzin internet səhifəsində (www.expert.gov.az) tanış olmaq, 012 498-09-71 və 012 493-18-52 telefonları vasitəsilə əlavə məlumat əldə etmək mümkündür.
Məhkəmə Ekspertizası Mərkəzində və onun Gəncə, Şəki, Şirvan və Lənkəran regional bölmələrindəki vakant yerlər üzrə sənədlərin qəbulu və müsahibənin keçirilməsi Mərkəzin internet səhifəsində (www.expert.gov.az) və rəsmi mətbuatda elan edilir.