01.01.2026-cı il tarixdən qüvvəyə minən “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə xüsusi icra məmurlarının fəaliyyətini mümkün edib.
Xüsusi icra məmuru kimdir?
Xüsusi icra məmuru məhkəmələrin və digər orqanların qərarlarının icrasını həyata keçirmək üçün şəhadətnamə almış fiziki şəxsdir. O, məcburi icra orqanı statusuna malikdir, fəaliyyətini peşəkar əsaslarla həyata keçirir, dövlət hakimiyyətinin nümayəndəsi hesab edilmir.
Xüsusi icra məmuru peşə fəaliyyətini həyata keçirərkən müstəqildir, yalnız qanuna tabedir.
Xüsusi icra məmuru olmaq üçün hansı tələblər var?
Ali təhsilli Azərbaycan Respublikasının vətəndaşı xüsusi icra məmuru ola bilər.
Kimlər xüsusi icra məmuru ola bilməzlər?
- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş;
- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan;
- cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş;
- pul öhdəlikləri barədə məhkəmə qərarını yerinə yetirə bilməyən;
- vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 5 (beş) il müddətində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular;
- vəzifəsinin icrası ilə bağlı kobud pozuntulara görə hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik, notariat, xüsusi icra məmuru fəaliyyətinə xitam verilmiş şəxslər;
- ikili vətəndaşlığı olan, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər;
- din xadimləri;
- tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə xüsusi icra məmuru işləməyə qadir olmayan şəxslər;
- 65 yaşına çatmış şəxslər.
Xüsusi icra məmuru vəzifəsi hansı qaydada tutulur?
Xüsusi icra məmuru vəzifəsi müsabiqə əsasında tutulur. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Xüsusi icra məmuru olmaq istəyən şəxslər azı 3 (üç) aylıq ilkin icbari hazırlıqdan keçməli və stajkeçməyə cəlb olunmalıdır.
Xüsusi icra məmuru olmaq istəyən şəxslər Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına müraciət edir. Bununla bağlı Komissiya tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Xüsusi İcra Məmurlarının Palatasının rəsmi veb-saytlarında, eləcə də digər mediada elan verilir. Elanda müraciətin qaydası ətraflı izah olunur.
Xüsusi icra məmuru vəzifəsinə qəbul olunmaq arzusunda olan və "Xüsusi icra məmurları haqqında" Qanunun 7-ci maddəsinə uyğun olaraq xüsusi icra məmuruna dair tələblərə cavab verən şəxslər müsabiqədə iştirak etmək üçün elektron qaydada müraciət edə, eləcə də müvafiq müraciət formasını kağız daşıyıcılar vasitəsilə Müsabiqə Komissiyasına təqdim edə bilərlər. Test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir.
Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən və müsahibədə iştirak etmək istəyən şəxslər “Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma Qaydası”nın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədləri Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına təqdim etməlidirlər.
Kimlər müsabiqənin mərhələlərindən azad edilə bilər?
Ədliyyə Nazirliyinin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 (üç) ildən az olmayaraq işləmiş şəxslər testdən, ofisin idarə edilməsi və mühasibatlıq təlimləri istisna olmaqla, ilkin icbari hazırlıqdan və staj keçməkdən azad edilirlər.
Müsabiqənin yekunlarına uyğun olaraq namizədlər növbəti mərhələyə hansı qaydada keçir?
"Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi Qaydaları"nın 3.1-ci bəndinə əsasən, namizədlər müsabiqənin yekunları üzrə topladıqları ümumi ballara uyğun sıralanırlar. Toplanmış balların miqdarı eyni olduqda, ardıcıl olaraq elmi dərəcəsi olanlara, ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil bilənlərə üstünlük verilir. Həmin sıralamaya əsasən namizədlər xüsusi icra məmuru vəzifələri üzrə mövcud vakansiyaların sayına uyğun olaraq ilkin icbari hazırlıq və stajkeçməyə cəlb olunurlar. Digər namizədlər isə 2 (iki) il müddətində ehtiyat siyahıda saxlanılır və yeni vakansiyalar yarandıqda ilkin icbari hazırlıq və stajkeçməyə cəlb olunurlar.
Xüsusi icra məmuru peşəsinin mahiyyəti və səlahiyyətlərinə dair əlavə məlumatla linkdə "Xüsusi icra məmurları" bölməsinə keçid edərək tanış olmaq mümkündür.
Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün keçirilən müsabiqədə iştirak edən namizədlər müsabiqə üzrə imtahan suallarının hazırlanmasında istifadə olunan normativ hüquqi aktların siyahısı, test imtahanının sual nümunələri, eləcə də müsabiqənin keçirilməsi barədə müvafiq qaydalar və digər məlumatlarla "Yaddaş kitabçası" vasitəsilə tanış ola bilərlər.