Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün növbəti müsabiqə elan edilir

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün növbəti müsabiqə elan edilir

Ədliyyə Nazirliyi tərəfindən əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və notarius korpusunun peşəkar hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə ardıcıl tədbirlər görülür.

Ədliyyə Nazirliyinin İxtisas Komissiyası tərəfindən notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən və “Notariat haqqında” Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları üçün növbəti açıq müsabiqə elan edilir.

Müsabiqənin birinci mərhələsi – test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə kompüter vasitəsilə keçiriləcək və nəticələrə dair məlumat namizədlərə dərhal təqdim olunacaq.

Qanunvericiliyin tələbinə uyğun olaraq test imtahanından zəruri keçid balını toplayan namizədlər növbəti mərhələyə – müsahibəyə buraxılacaqlar. Müsahibədə uğur qazanan hüquqşünaslar isə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaqlar. Təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsi üzrə notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə verilir.

İmtahanda iştirak etmək arzusunda olan şəxslər sənədlərini 2026-cı il noyabr ayının 16-dan dekabr ayının 15-i saat 18:00-dək iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti 72) təqdim edə bilərlər.

Tələb olunan sənədlərin siyahısı, imtahan, müsahibə və icbari təlimin keçirilməsi qaydaları ilə Nazirliyin internet saytında tanış olmaq, habelə (012) 510-10-01 (daxili nömrə:10270 və ya 10246) nömrəli telefon vasitəsilə məlumat almaq mümkündür.

Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcək.