İcra sənədlərinin icrası sahəsində işin səmərəliliyinin artırılması, icra məmurlarının fəaliyyətinin daha məqsədyönlü təşkili və vətəndaş müraciətlərinə mütəşəkkil qaydada baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən yeni pilot layihənin tətbiqinə başlanılır.
Pilot layihə çərçivəsində 1 dekabr 2026-cı il tarixindən etibarən 3 ay müddətində Ədliyyə Nazirliyinin İcra xidmətinin Bakı şəhəri Yasamal rayon icra şöbəsində icra sənədləri üzrə tələbkar şəxslərin (onların nümayəndələrinin) icra məmurları tərəfindən qəbulu həftənin bütün iş günləri saat 09:30-dan 13:00-dək həyata keçiriləcək. Tələbkar şəxslər (onların nümayəndələri) qeyd olunan vaxt ərzində icra məmurları, eləcə də şöbə rəhbərliyi tərəfindən qəbul olunacaqlar.
Pilot layihənin əsas məqsədi icra sahəsində vətəndaşlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək, müraciətlərə baxılmasını sürətləndirmək və icra sənədlərinin icrası üzrə işin səmərəliliyini artırmaqdır.
Pilot layihənin nəticələri təhlil edildikdən sonra bu təcrübənin digər icra şöbələrində də tətbiqi imkanları nəzərdən keçiriləcək.