Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının təşəbbüsü və dəstəyi ilə hüquqi alman dili biliklərinin təkmilləşdirilməsi, müvafiq praktiki biliklər və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə bu ilin 16-21 noyabr tarixlərində bir sıra apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri üçün Almaniyanın Halle şəhərinə təlim səfəri təşkil olunub.
Təlim hakimlər üçün hazırlanmış xüsusi proqram əsasında ixtisaslaşmış müəllim, ekspert Maykl Vildinq tərəfindən aparılıb. Bununla yanaşı, hakimlər Martin Lüter adına Halle-Vittenberq Universitetində də olublar. Həmin Universitetin professoru Azər Əliyev tərəfindən onlara Universitetin tarixi, burada tədrisin təşkili və tədris prosesi ilə bağlı ətraflı məlumat verilib.
Səfər çərçivəsində hakimlər Naumburq Ali Torpaq Məhkəməsini (Naumburg Oberlandsgericht) və Leypsiq Federal İnzibati Məhkəməsini də (Leipzig Bundesverwaltungsgerich) ziyarət edib, məhkəmə iclaslarında iştirak ediblər.