Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Beynəlxalq Ədliyyə Sammitində iştirak edib.
Oktyabrın 8–9-da Türkiyə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın 30-dan çox dövlətindən 1200-ə yaxın nümayəndə, o cümlədən ədliyyə, məhkəmə və digər hüquq təsisatlarının, habelə nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri qatılıb.
Sammitdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək beynəlxalq hüququn aliliyinin təmin olunmasının, ədalətin və insan hüquqlarının qorunmasının əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində beynəlxalq humanitar hüququn tətbiqi, beynəlxalq arbitraj, hüquq peşəsinin gələcəyi, beynəlxalq ədliyyə sistemi və insan hüquqları, ədliyyənin rəqəmsal dünyada yeri kimi aktual məsələlər müzakirə olunub.