Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir.
Dekabr ayı ərzində Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Bələdiyyələrlə iş baş idarəsi, İnsan resursları idarəsi, Tibb baş idarəsi, Məhkəmə Ekspertizası Mərkəzi, İcra xidməti və Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəhbərliyi tərəfindən Şəki, Şirvan, İmişli, Xaçmaz, Göyçay, Lənkəran, Bərdə, Şəmkir və Gəncə regional ədliyyə idarələri ilə birlikdə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.
Videoqəbullarda Nazirliyin fəaliyyət istiqamətləri üzrə 60 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün qebul@justice.gov.az elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.