Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir.
İyul ayı ərzində Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə İnsan resursları idarəsi, Bələdiyyələrlə iş baş idarəsi,Tibb baş idarəsi, İstintaq idarəsi, Notariat, qeydiyyat və reyestr baş idarəsi, Məhkəmə Ekspertizası Mərkəzi və İcra xidmətinin rəhbərliyi tərəfindən Xaçmaz, Şirvan, Gəncə, Şəmkir, Bərdə, Lənkəran, Göyçay, İmişli, Sumqayıt və Şəki regional ədliyyə idarələri və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.
Videoqəbullarda Nazirliyin fəaliyyət istiqamətləri üzrə 76 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün qebul@justice.gov.az elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.