“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq vətəndaşlara göstərilən rəqəmsal xidmətlərin vahid platforma üzərindən əlçatanlığının artırılması məqsədilə Ədliyyə Nazirliyinin daha bir xidməti “mygov” platformasına inteqrasiya edilib.
Belə ki, artıq Ədliyyə Nazirliyinin təqdim etdiyi “Azyaşlıya pasportun verilmə ərizəsi” xidməti də “mygov” platformasına inteqrasiya olunub. Xidmət vasitəsilə 18 yaşına çatmamış şəxslərə ümumvətəndaş pasportunun verilməsi üçün valideyn, övladlığa götürən, qəyyum və ya himayəçinin notariat qaydasında təsdiq edilmiş razılığını elektron formada rəsmiləşdirmək mümkündür. Bu imkan xüsusilə valideynlərdən birinin prosesdə fiziki olaraq iştirak edə bilmədiyi hallarda rahatlıq yaradır.
Xidmətdən istifadə etmək üçün vətəndaş “mygov” tətbiqində “Xidmətlər” bölməsinə daxil olaraq “Ailə” kateqoriyasından “Azyaşlıya pasportun verilmə ərizəsi” xidmətini seçir.
Xidmətə daxil olduqda vətəndaşın övladları barədə sistemdə olan məlumatlar avtomatik olaraq ekranda göstərilir. Məlumatlar əks olunmadıqda isə vətəndaş övladının məlumatlarını özü daxil edə bilər.
Daha sonra vətəndaş ərizə ilə tanış olur və tələb olunan məlumatları daxil edir. Növbəti mərhələdə məlumatlar notarius tərəfindən video verifikasiya vasitəsilə təsdiqlənir. Ödəniş həyata keçirildikdən sonra razılıq ərizəsinin elektron formada rəsmiləşdirilməsi prosesi tamamlanır.
İstifadəçilər müraciətin statusunu xidmətin “Tarixçə” bölməsindən izləyə bilərlər.
Bu xidmət pasportun verilməsi üçün birbaşa müraciət deyil. Xidmət yalnız pasportun verilməsi üçün tələb olunan notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinin elektron formada rəsmiləşdirilməsinə imkan verir.
Qeyd edək ki, sözügedən xidmətlə yanaşı, Ədliyyə Nazirliyinin müxtəlif həyat hadisələri üzrə 5, notariat fəaliyyəti ilə bağlı 8 xidməti, eləcə də tərcümə və fiziki şəxslərə aid icra işləri barədə məlumatların təqdim edilməsi xidmətləri də "mygov" platformasına inteqrasiya olunub.