Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyinin daha iki xidməti "mygov" platformasına inteqrasiya edilib

Ədliyyə Nazirliyinin daha iki xidməti "mygov" platformasına inteqrasiya edilib

 “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq vətəndaşlara göstərilən rəqəmsal xidmətlərin vahid platforma üzərindən əlçatanlığının artırılması məqsədilə Ədliyyə Nazirliyinin daha iki xidməti “mygov” platformasına inteqrasiya edilib.

Belə ki, "Vəkilə verilən etibarnamənin təsdiq edilməsi" və "Bank xidmətlərindən istifadə edilməsi ilə bağlı etibarnamənin verilməsi" xidmətlərini həm my.gov.az portalı, həm də "mygov" mobil tətbiqi vasitəsilə istifadə etmək mümkündür.

"Bank xidmətlərindən istifadə edilməsi ilə bağlı etibarnamənin verilməsi" xidməti vasitəsilə vətəndaş digər şəxsə öz adından bank əməliyyatlarını (hesab açmaq, hesabdakı vəsaitləri nağdlaşdırmaq, köçürmələr etmək və s.) həyata keçirmək səlahiyyəti verə bilər. 

"Vəkilə verilən etibarnamənin təsdiq edilməsi" xidməti isə bir şəxsin vəkilə onun adından hüquqi məsələlərin həlli, məhkəmədə təmsilçilik və digər hüquqi əməliyyatların həyata keçirilməsi üçün verdiyi səlahiyyətləri təsdiq etməyə imkan verir.

Xidmətlərdən istifadə etmək üçün vətəndaş "mygov" tətbiqində "Xidmətlər" bölməsinə daxil olur. "Bank etibarnaməsi" üçün "Məşğulluq", "Vəkil etibarnaməsi" üçün isə "Şəxsi" kateqoriyasından müvafiq xidmət seçilir. Daha sonra tələb olunan məlumatlar daxil edilərək etibarnamə müvafiq şəxsə təqdim edilir.

İstifadəçilər müraciətin statusunu "Müraciət tarixçəsi" bölməsindən izləyə və sənəd hazır olduqdan sonra ona çıxış əldə edə bilirlər.

Qeyd edək ki, sözügedən xidmətlərlə yanaşı, Ədliyyə Nazirliyinin müxtəlif həyat hadisələri üzrə 5, notariat fəaliyyəti ilə bağlı 6 xidməti, eləcə də tərcümə və fiziki şəxslərə aid icra işləri barədə məlumatların təqdim edilməsi xidmətləri də "mygov" platformasına inteqrasiya olunub.

 

2026-07-24 16:31:35