Bu ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsini rəhbər tutaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “ADA” Universiteti ilə birgə “Konstitusiyanın 30 ili – Çağırışlar və perspektivlər” mövzusunda qış məktəbi layihəsi həyata keçirib.
Layihənin açılış mərasimində ədliyyə nazirinin müavini Toğrul Hüseynov, “ADA” Universitetinin prorektoru Elkin Nurməmmədov, Universitetin professor və müəllim heyəti, habelə layihə iştirakçıları iştirak edib.
Açılış mərasimində çıxış edən ədliyyə nazirinin müavini Toğrul Hüseynov qış məktəbi layihəsinin konstitusiya dəyərlərinin təbliği və gənc hüquqşünasların peşəkar inkişafı baxımından əhəmiyyətini qeyd edib və iştirakçılara uğurlar arzulayıb.
Qış məktəbində hüquq fakültələrinin tələbələri və gənc hüquqşünaslar iştirak ediblər. Layihə çərçivəsində ümumilikdə 70 gənc hüquqşünas Konstitusiya hüququnun müxtəlif konseptual məsələləri üzrə biliklərini artırmaq imkanı əldə edib.
Mühazirələr hakimlər, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər şəxsləri, eləcə də “ADA” Universitetinin təcrübəli alim və mütəxəssisləri tərəfindən təqdim olunub.
Qış məktəbinin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.