Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında dövlət və qeyri-dövlət qurumlarının əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə ixtisasartırma təlimləri keçirilib.
21 qrup üzrə keçirilən təlimlərdə ümumilikdə 266 nəfər iştirak edib.
Təlim proqramı çərçivəsində iştirakçılar “Normayaratma fəaliyyəti”, “Əmək qanunvericiliyinin praktiki məsələləri”, “İnzibati icraat qanunvericiliyi”, “Pensiya qanunvericiliyinin nəzəri və praktiki problemləri”, “Hüquqi yazı”, “Tədqiqat metodları”, “Rəqabət qanunvericiliyi” və “Müqavilə hüququ” mövzularında mühazirələr dinləyib, həmçinin praktiki məşğələlərdə iştirak ediblər.
Proqramın sonunda imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara Ədliyyə Akademiyası tərəfindən şəhadətnamələr təqdim olunub. Təlimlərin nəticələrinə dair yekun hesabatlar isə aidiyyəti qurumlara təqdim ediləcək.
Qeyd edək ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və İnsan hüquqları üzrə müvəkkil aparatlarında, habelə 2-ci və 5-ci kateqoriya dövlət orqanlarında ali hüquq təhsili tələb edən vəzifələrdə qulluq keçən dövlət qulluqçularının mütəmadi olaraq Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasartırma təlimlərinə cəlb edilməsi dövlət idarəçiliyində səmərəliliyin və hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir.