Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə 2 nəfər ədliyyə işçisi birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər.
Ədliyyə naziri Fərid Əhmədov hakim vəzifələrinə təyin edilmiş ədliyyə işçiləri ilə görüşüb.
Nazir yeni təyin edilmiş hakimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, hakim vəzifəsinə təyinatın böyük məsuliyyət daşıdığını vurğulayaraq ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın, qərəzsizliyin və qanunun aliliyinə sadiqliyin mühüm əhəmiyyətini qeyd edib.
Bildirilib ki, ədliyyə orqanlarında qazandıqları təcrübə və peşəkar biliklər yeni təyin olunmuş hakimlərin gələcək fəaliyyətində mühüm rol oynayacaq. Bu təyinatlar məhkəmə sisteminin təcrübəli kadrlarla gücləndirilməsinə və ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Görüşdə yeni təyin edilmiş hakimlər göstərilən etimada görə təşəkkürlərini bildiriblər, üzərlərinə düşən vəzifələri qanunvericiliyin tələblərinə uyğun, vicdanla və məsuliyyətlə yerinə yetirəcəklərini vurğulayıblar.