Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir.
Oktyabr ayı ərzində Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Nazirliyin Notariat, qeydiyyat və reyestr baş idarəsi, Məhkəmə Ekspertizası Mərkəzi, İnsan resursları idarəsi, Bələdiyyələrlə iş baş idarəsi, İcra xidməti və Tibb baş idarəsinin rəhbərliyi tərəfindən Xaçmaz, Şəki, Şirvan, Gəncə, Şəmkir, Bərdə, Lənkəran, Göyçay, İmişli və Sumqayıt regional ədliyyə idarələri ilə birlikdə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.
Videoqəbullarda Nazirliyin fəaliyyət istiqamətləri üzrə 55 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün qebul@justice.gov.az elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.