27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar nazirliyin kollektivi II Fəxri xiyabanı ziyarət edib. Torpaqlarımızın azad olunması uğrunda şəhid olmuş qəhrəmanlarımızın, o cümlədən şəhid ədliyyə işçisi Ruhin Xəlilovun məzarları üzərinə tər çiçəklər düzülüb, onların xatirəsi ehtiramla yad edilib.
Daha sonra Ədliyyə Nazirliyində Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ədliyyə nazirinin müavini Abiddin Hüseynov, millət vəkili Tahir Mirkişili, nazirliyin yanında İctimai Şuranın sədri Çingiz Qənizadə, nazirliyin şəhid əməkdaşlarının ailə üzvləri və nazirliyin kollektivi iştirak ediblər.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyini bildiriblər. Tarixi Zəfərin Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın milli birliyi və həmrəyliyi sayəsində əldə olunduğu qeyd edilib. 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi milli həmrəylik və qətiyyətin tarixi Qələbənin əldə olunmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Şəhidlərimizin qəhrəmanlıq və fədakarlığının gələcək nəsillər üçün örnək olduğu vurğulanıb.
2026-09-27 15:06:04