8 Noyabr – Zəfər Günü münasibətilə Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi İkinci Fəxri xiyabanı ziyarət edib. Ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin, o cümlədən Vətən müharibəsində könüllü iştirak edərək qəhrəmanlıq göstərmiş Nazirliyin əməkdaşı Ruhin Xəlilovun əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin İcra xidmətinin məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilov 2020-ci il oktyabrın 21-də Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. O, göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları, eləcə də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Daha sonra Nazirliyin kollektivi Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini əks etdirən “44” filmini izləyib.
Filmin nümayişi zamanı Azərbaycanın tarixi Qələbəsinə aparan yol, xalqımızın birliyi, əsgər və zabitlərimizin misilsiz şücaəti, Vətən sevgisi və qələbə əzmi bir daha yad edilib.
Zəfər Günü xalqımızın milli birliyinin, Vətənə bağlılığının və qəhrəmanlıq tarixinin rəmzidir. Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, onların Vətən uğrunda göstərdikləri fədakarlığın daim ehtiramla xatırlanması bu tarixi Qələbənin mənəvi dəyərinin qorunmasına xidmət edir.