Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyinin komandası “Hüquq Liqası 2026” şahmat turnirinin qalibi olub

Ədliyyə Nazirliyinin komandası “Hüquq Liqası 2026” şahmat turnirinin qalibi olub

İyunun 12-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş, hüquq qurumları arasında ilk dəfə “Hüquq Liqası 2026” şahmat turniri keçirilib.

Turnirin keçirilməsində məqsəd ölkədə şahmat idman növünün inkişafına dəstək göstərmək, hüquq ictimaiyyətinin nümayəndələri arasında intellektual yarış mühitini təşviq etmək, habelə hüquqşünasların bu sahədə bacarıqlarının nümayiş etdirilməsi üçün əlverişli şərait yaratmaq olub.

“Hüquq Liqası 2026” şahmat turnirində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Hakimləri İttifaqını təmsil edən komandalar iştirak ediblər.

Dairəvi sistem üzrə iki dövrədən ibarət formatda keçirilən yarış gərgin və maraqlı mübarizə ilə yadda qalıb.

Turnirin yekun nəticələrinə əsasən, ədliyyə orqanlarının əməkdaşlarından ibarət komanda birinci yerə layiq görülərək yarışın qalibi olub. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının komandası ikinci, Azərbaycan Hakimləri İttifaqının komandası isə üçüncü yeri tutub.

Sonda qaliblərə kubok, diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, turnirin keçirilməsinə təşkilati dəstək Azərbaycan Şahmat Federasiyası tərəfindən göstərilib.

2026-06-17 14:33:34